Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievdən, 1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti Recep Meydanidən, 2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti Valdis Zatlersdən məktub daxil olub.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur. Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq. Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin."

Eyni zamanda Xorvatiyanın sabiq prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim. Münaqişə zonasında mülki şəxslərin - iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm. Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm.