İyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib.
Daxili İşlər Nazirliyindən ( DİN ) Unikal.org-a verilən məlumata görə, binanın bloklarından birinin 5-ci mərtəbəsində 4 mənzili alov bürümüşdü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün müvafiq tədbirlər görüblər.
Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib, rəhbərliyin göstərişi ilə orada yaşayan sakinlərin təxliyyə olunması və təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri tədbirlər görülüb, müvafiq postlar qoyulub.
Alovun daha da gücləndiyi vaxtda həmin mərtəbədəki mənzillərdən birində 2 qadının köməksiz vəziyyətdə qalması polis əməkdaşlarının gözündən yayınmayıb. Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot dərhal qatı tüstünün bürüdüyü pilləkənlərlə qalxaraq özünü onların köməyinə çatdırıb. Qadınların tüstüdən boğulmaması üçün aşağıdan özü ilə götürdüyü isladılmış dəsmalla onların tənəffüs orqanlarını bağlayıb, ikisini də çiyninə alaraq çətinliklə olsa da aşağı çatdıra bilib.
Tüstüdən xilas olan qadınlardan birinin vəziyyəti daha ağır idi. Qonşuların dediyinə görə, astma xəstəliyindən əziyyət çəkən həmin qadın özü ilə həmişə yanında "sprey gəzdirirmiş. Qorxu və həyəcandan həmin preparatı mənzildə unutmuşdu.
Qadını çətin sağlıq durumunda görən Əkrəm ikinci dəfə həmin mənzilə qalxıb dərmanı taparaq gətirib. Lakin dərmanı qadına verən anda o özü huşunu itirib.
Dərhal Təcili Tibbi Yardım maşını ilə Ə.Dərxot Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Həkimlərin səyi nəticəsində həyatı üçün təhlükə aradan qaldırılsa da, bir müddət müalicə olunmağı lazım gəlirdi. Amma ertəsi gün Əkrəm öz istəyi ilə yenidən xidmətdə, sıralarımızda idi.