"France 24" televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkədəki erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyanla debatı yayımlanıb.
Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, aparıcı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək son günlər münaqişənin yenidən alovlandığını və qurbanların sayının yüzə yaxın olduğunu deyib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Debatda səfir Elçin Əmirbəyov Ermənistanın Dağlıq Qarabağda növbəti təxribat törətməklə işğal etdiyi torpaqları daha da genişləndirmək niyyəti güddüyünü bildirib. Diplomat 613 dinc azərbaycanlı sakinin bir gecədə qətlə yetirildiyi Xocalı soyqırımının erməni barbarlığının kulminasiya nöqtəsi olduğunu vurğulayıb, eyni zamanda, status-kvonun qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Elçin Əmirbəyov Ermənistanın beynəlxalq hüquq prinsiplərini, ölkəmizin ərazi bütövlüyünü pozduğunu vurğulayaraq bildirib ki, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etməyə çalışır. Ermənistan isə xaricdəki diaspor və lobbi təşkilatının dəstəyi ilə mövcud status-kvonu saxlamaqda daha çox maraqlıdır.
Fransadakı səfirimiz artıq Azərbaycanın işğala dözməyəcəyini, eləcə də öz torpaqlarını azad etməyə qadir olduğunu vurğulayıb. Münaqişənin həllinə gəldikdə isə o bildirib ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına Ermənistan riayət etməlidir. Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağıran diplomat, həmçinin bildirib ki, işğal olunmuş ərazilərdən didərgin salınmış bir milyondan çox azərbaycanlı doğma yurdlarına qayıtdıqdan sonra münaqişənin danışıqlar yolu ilə həllindən danışmaq mümkündür.
Debat zamanı Murad Papazyan erməni xislətinə uyğun utanmadan yenə yalanlar söyləməyə, Ermənistanın barbarlığına haqq qazandırmağa cəhd edib.
Xatırladaq ki, keçən həftə Ermənistanın Fransadakı səfiri azərbaycanlı səfirlə birbaşa debatdan boyun qaçırıb.