"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı üzərində qazanılan 5:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi onu əvəzləyən yeni transfer Yakub Jezniçakın çıxışını yaxşı qiymətləndirib.
"Həm sevinirəm, həm də zədəmlə əlaqədar çox məyusam. İlk növbədə, uşaqları təbrik edirəm. Ağıllı, gücümüzü qiymətləndirərək, futbol oynadıq. Bilirdik ki, tam hazır deyilik. Mövsümün ilk oyunu idi. Həm fiziki, həm də texniki, həm taktiki cəhətdən ideal formada deyildik. Gürcüstan çempionatında isə mövsümün ortaları olduğundan, rəqib tam əksinə, hazırlıqlı idi. Bizdən daha diri idilər. Amma uşaqlar yaxşı oynadılar. Lazım olanda əks-hücumlara çıxdıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik.
Zədəmə gəldikdə, həqiqətən də çox məyusedicidir. Təlim-məşq toplanışında tam iştirak edir, hazırlaşırsan, amma ilk oyundaca zədələnirsən. Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir. Zatən son zamanlar özümü bu baxımdan basqı altında hiss edirdim. Şimali İrlandiya ilə oyunda ağır məğlubiyyət almışdıq. Ümid edirdim ki, bu oyunlardan sonra əhval-ruhiyyəm bir az yüksələcək. Amma bu gün daha ağır zərbə aldım. Futboldur, nə etmək olar?
- Zədəniz nə dərəcədə ciddidir?
- Dizimdən zədələnmişəm. Yəqin ki, ciddilik dərəcəsi sabah bilinəcək. MRT-yə baxmadan dəqiq bir şey demək olmur.
- Sizin əvəzinizə meydana daxil olan Yakub Jezniçakın oyununu necə dəyərləndirirsiniz?
- Onsuz da məşqlərdə öz ustalığını göstərmişdi. Çox yaxşı transferdir. İnanıram ki, gələcəkdə də çox xeyri dəyəcək. Sevindirici haldır ki, ilk oyunda həyəcan keçirmədən təcrübəsini ortaya qoydu. Aydın məsələdir ki, Polşanın "Legiya" klubunun kapitanı olmaq, 15 il orada oynamaq asan deyil, heç nədən bu, baş vermir. Çox sevindirici haldır ki, "Qarabağ"da debütdəcə inamlı və gözəl oyun sərgilədi.
- Cavab görüşündən nə gözləyirsiniz?
- Onsuz da hələ komandamız hazır deyil. Yeni-yeni oyunlara ehtiyacımız var. Qarşıda cavab oyunu var. Hazırda praktika yox, sırf cavab oyunu haqda düşünürük. Bu görüş göstərdi ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. Əks halda, cəzalandıra bilərlər.