Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 182 ünvanda 4-cü mərtəbədən yıxılan 9 yaşlı Uğur Allahverdiyev sağ qalıb.
Unikal.org xəbər verir ki, bu barədə teleqraf.com-a uşağın anası Cahan Allahverdiyeva danışıb.
Ananın sözlərinə görə, dünən günorta saatlarında nahar etdikdən sonra oğluna 1 saat yatıb dincəlməyi məsləhət görüb: "Həyat yoldaşım da yatmışdı. Mən evdə iş görürdüm. Uğur pəncərəyə çıxıb və 4-cü mərtəbədən yıxılıb. Oğlumun sağ qalmasına 1-ci mərtəbədəki üzüm tənəkləri səbəb olub.
Uşaq tənək ağacının budaqlarının üstündən ilişib sonra yeşiklərin üstünə oturaq vəziyyətdə düşüb. Böyük oğlum qışqırdı ki, qardaşım pəncərədən yerə düşdü. O anı bir daha düşünmək istəmirəm. Ana olaraq hansı hissləri keçirdiyimi izah edə bilmirəm. Pilləkəni düşəndə balamı qanlar içində görəcəyimi düşünürdüm. Qonşu tez məni sakitləşdirdi ki, qorxma sağdır. Sadəcə qolu əzilib. Həmin vaxt huşumu itirmişəm".
Uğurun anası deyir ki, oğlunun nə vaxtsa pəncərəyə çıxan görməyib: "Bilsəydim çıxmamağı tapşırardım. Uğurun düşdüyü yerdə it saxlanırdı. Bəxtimiz gətirdi ki, iti 2 aydır rayona aparıblar. Yoxsa uşaq sağ qalsa da, it parçalayacaqdı".
Cahan Abdullayeva qeyd edib ki, həkimlər uşağı müayinə ediblər: "1 saylı Şəhər Klinik xəstəxanasına apardıq. Həkim dedi ki, bu, bir möcüzədir. Uşağa heç nə olmayıb. Sadəcə çiyin hissəsi əzilib".
Uğurun anası deyir ki, uşaq anadan olan vaxtdan sağ qalaması möcüzə olub: "Uğur 8 aylıq doğulmuşdu. Çəkisi 1 kiloqram 800 qram idi. 17 günündə ilk dəfə gözündən yaş gəlmişdi. Hamı deyirdi ki, öləcək.
Uğur mənim 4-cü övladımdır. Adı kimi uğurludur. Mən hər dəfə onu bizə bağışladığı üçün Allaha dua edirəm. İndi uşaq yaxşıdır. Bu gün qurban kəsib, paylamışıq".