Baş Prokurorluq Gəncədə baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, məlumatda bildirilir:
Gəncə şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.
Belə ki, iyulun 14-də saat 22 radələrində Gəncə şəhəri, Nizami küçəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1987-ci il təvəllüdlü Aynurə Abbasovanı və onun azyaşlı oğlu 2012-ci il təvəllüdlü Məhəmməd Abbasovu vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən ölmələri faktına görə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "QAZ-3110 markalı, 32-BB-254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.