Qarabağın cənub hissəsində, İranla sərhəddə yerləşən Cəbrayılda nisbi sakitlik hökm sürür.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu barədə "RİA Novosti"nin Azərbaycanın işğal altında olan torpaqlarına ezam olunmuş xüsusi müxbiri deyib.
Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən reportaj hazırlayan müxbirin sözlərinə görə, bir vaxtlar abad şəhər olan Cəbrayıl indi xarabalığa çevrilib. 90-cı illərdən sonra rayonun işğal edilməsi, azərbaycanlıların evlərini tərk etməsi ilə buradakı evlər dağıdılıb. Hazırda isə Cəbrayılın dağıdılmış hissələrində separatçı rejim "T-72" tanklarını gizlədib. 

Cəbrayıl strateji əhəmiyyətli ərazidə yerləşir. Elə aprelin 2-də də təmas xəttində baş verən gərginlikdə ermənilər məhz bu ərazidən təxribatlar törətməyə cəhd ediblər. 
Rusiyalı jurnalist burada ermənilərin mövqelərində də olub. Erməni tank batalyonunun "zampolit"i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. "Bizə çox güclü zərbələr vurdular - mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər "Qrad" və "Uraqan" raketləri uçurdu ki, mən göyün üzünə baxıb "300 spartalı" filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmurdu".

Onun sözlərinə görə, təmas xəttində Azərbaycanın mövqeləri 400 metr aralıda yerləşir. Onlar Azərbaycan bayrağını da görürlər.
"Azərbaycan əsgərləri möhkəmlənirlər. Onlar həmin ərazilərdə səngərlər qazırlar və bizi görəndə qışqırırlar: "Salam, Vazgen". Biz də onlara əl edirik. "Atəşkəsdir" deyirik", - deyə Artak vurğulayıb.

Artak deyir ki, azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində - Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.
Artak Azərbaycan hərbi texnikasından da bəhs edib. "Azərbaycanın silah arsenalı çox müasirdir. Onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silah alırlar. 

Azərbaycanlıların arsenalı müasirdir. Bax, məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub", - deyə erməni zabit lüləsi qopub yüz metr kənara düşən "T-72" tankını göstərib. Onun sözlərinə görə, raketi tanka pilotsuz təyyarə yönləndirib.

Ermənilər isə sovet istehsalı olan köhnə silahlarla vuruşmalı olduqlarını etiraf ediblər.