Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Piyadanın üstündən keçən "Porsche Cayenne markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub.

Unikal.org xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

Bildirilir ki, Sabunçu dairəsi yaxınlığında - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü "Porsche onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, "Porscheni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Qeyd edək ki, ilkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi.

09:05

Bakıda piyadanın ölümü ilə nəticələnən qol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib. "Mercedes Sprinter markalı mikroavtobus yolu keçmək istəyən piyadanı güzgüsü ilə vurub yerə yıxıb. Bu zaman Türkiyə vətəndaşının icarəyə götürərək idarə etdiyi "Porsche Cayenne markalı avtomobil yerə yıxılan piyadanın üstündən keçib. Orta yaşlarında olan kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.

Hadisə şahidləri ölən piyadanın sərxoş olduğunu iddia edirlər.

Qeyd edək ki, hadisə daha bir qəzanın baş verməsinə səbəb olub. Belə ki, hadisə görərək sürətini azaldan "Jeep Wrangler markalı avtomobilə arxadan "Toyota Camry markalı avtomobili çırpılıb. Bu qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.