Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov oğlu 24 yaşlı Əhəd Kərimovun qəza törətməsindən danışıb.
O unikal.org-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı oğlu hazırda istintaqa ifadə verir: "Əvvala oğlum icarəyə götürdüyü "Porsche Cayenne markalı avtomobillə qəza törədib. O gecə işə gedən zaman hadisə baş verib. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb bunun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiz. Hazırda oğlum istintaqa ifadə verir. Mən özüm iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək.
Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus "Hyundai ix20 markalı avtomobil var: "Bunu gedib yoxlatdırada bilərlər.
Qeyd edək ki, Sabunçu dairəsi yaxınlığında - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü "Porsche onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər məlumata görə, "Porscheni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.