Azərbaycanda problemli kreditlərin həcmi artacaq.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu barədə Fitch Beynəlxalq Reytinq Agentliyi açıqlama verib. Agentlik devalvasiya dövründə Azərbaycanın bank sektorunun qiymətləndirilməsini həyata keçirib.
Agentliyin hesabatında deyilir ki, dünya bazarında düşən neft qiymətləri fonunda manatın devalvasiyaya uğraması Azərbaycan banklarına da öz təsirini göstərib və problemli kreditlərdən dəyən ziyanın ödənilməsində də çətinliklər yaradıb.
Agentliyin çıxardığı son nəticəyə görə, problemli kreditlərin həcmi getdikcə artacaq. "Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə qədər yüksəlib. 2014-ci ilin sonunda bu göstərici 8,3% olub.
Bu ilin fevral ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlər 1 milyard 329,5 milyon manat təşkil edib. Bu, yanvar ayının yekunları ilə müqayisədə 14,9 milyon manat və yaxud 1,1% çoxdur. Ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,2%-dən 6,5%-ə yüksəlib.