Azərbaycan mətbəxinin ən qədim şirniyyat növlərindən biri də "Zeyrən çörəyidir.
"Zeyrən çörəyi vaxtilə cənub bölgəsində hər bir ailədə süfrələrin bəzəyi olub.
Unikal.org xəbər verir ki, Lerik rayon sakini Gülnaz Şahıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, bu çörək növü qədim dövrdən nənələrimizdən bizə yadigar qalıb. Bayram günlərində nişanlı qızlar, gəlinlər üçün bu çörəklərdən mütləq pay aparırlar.
G.Şahıyeva "Zeyrən çörəyinin bişirilmə qaydalarından danışaraq deyib: "Unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsi çəngəllə deştəklənir. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. "Zeyrən çörəyi təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.
Çörəyin hazırlanma prosesində vacib məqamları sadalayan müsahibimiz bu çörəyi sobada bişirməyin asan olduğunu, lakin təndirdə bişən "Zeyrənin dadının tamam başqa olduğunu bildirir.
"Zeyrən çörəyi təndirdə 10 dəqiqəyə bişir. İsti-isti təndirdə bişən çörəyin dadına baxsaq da, Gülnaz xanım dedi ki, bu çörək tamamilə soyuduqdan sonra kəsilsə daha yaxşı olar.