İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Kriştiano Ronaldonun cəzasının azaldılması ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Unikal.org-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komitə portuqaliyalı hücumçunun 5 oyunluq cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Barselonaya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən Ronaldo 5 oyunluq cəzalandırılıb. Ona cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib.

Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.