Dağlıq Qarabağ münaqişəsini dinc danışıqlar vasitəsilə çözmək niyyətində olduğunu vurğulayan Ermənistan hakimiyyəti, həmişəki kimi, yalan danışır. Prezident Serj Sarkisyan iqtidarı bu dəfə ermənilərin "savaş ruhu"nu gücləndirmək üçün qadınlardan yararlanmaq qərarına gəlib.
İrəvandakı rejimin yeni təşəbbüsü hakimiyyətin nəzarətindəki media tərəfindən "vətəpərvər qızların döyüş istəyi" kimi qələmə verilsə də, ermənilər bunu birmənalı qarşılamayıblar. Hətta iş o yerə çatıb ki, Sarkisyan iqtidarı şərəfsizlikdə, insanların hisslərindən sui-istifadədə suçlanıb.
"Onlar döyüşə can atırlar"
"Dağlıq Qarabağ münaqişəsi bu yaxınlarda yenidən alovlana bilər. Ermənistan hökuməti Azərbaycana qarşı döyüşlərə qatılmaq üçün qadın könüllülər toplayır".
Erməni Tiqran Petrosyanın Almaniyanın Tageszeitung qəzetində dərc olunmuş "Frauen an die Front" ("Qadınlar cəbhədə") adlı məqaləsində belə deyilir.
"Təxminən bir həftə əvvəl İrəvanda qadın könüllülərin hazırlıq kursları açılıb. Oradakı qadınlar və qızlar 18-30 yaş arasındadır. Könüllülərin əksəriyyəti qızlardır. "Qadınlar da orduda xidmət etməlidir", - kursların rəhbəri və təlimatçı Vova Vardanov deyir. Onun sözlərinə görə, erməni qadınları döyüşlərə cəlb etməyin başlıca səbəbi Ermənistanda əhalinin sayının azalmasıdır. Dağlıq Qarabağ müharibəsinin veteranı olan 50 yaşlı Vova Vardanov Ermənistan ordusunda İsrail və İsveçrə modelinin tətbiq olunmasının tərəfdarıdır. Həmin ölkələrdə qadınlar da silahlı qüvvələrdə xidmət edirlər", - məqalədə deyilir.
Vova Vardanovun dediyinə görə, Ermənistan ordusu ilə müqayisədə Azərbaycan ordusu daha güclüdür, daha mütərəqqi və mükəmməl hərbi texnika ilə silahlara malikdir.
"Bizdə isə yalnız Sovet ordusundan qalan silahlarla hərbi texnikadır", - Vardanov söyləyib.
Politoloq Qrant Melik-Şahnazaryan isə hesab edir ki, Dağlıq Qarabağdakı son hərbi əməliyyatlardan Rusiyanın xəbəri olub, amma bunun qarşısını almaq üçün heç nə etməyib: "Hətta Azərabycanın öz addımlarını Rusiya ilə koordinasiya etdiyi də istisna olunmur. Rusiya özünü bizə müttəfiq, qardaş ölkə adlandırır. Lakin son hadisələr bu "qardaşlıq və müttəfiqlik" bəyanatlarının mənasız olduğunu göstərdi. Ermənilər ayılmalı, Rusiyaya bundan sonra da kor-koranə inanmamalıdır".
"Qoymayın, azərbaycanlılar qadınlarımızı vurur"
Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Ermənistanda məhz belə bəyanatları səslənəcəyi, şivən qalxacağı əsla şübhə doğurmur. Çünki rəsmi İrəvanın "vətəndaşların təşəbbüsü" pərdəsi altında orduya qadınları cəlb etmək, onlardan "könüllülər batalyonu" formalaşdırmaq cəhdi normal qərar sayıla bilməz və bunun bir neçə səbəbi var:
1. Bu qadınlar Ermənistan Silahlı Qüvvələrinin ölkə ərazisindəki hərbi hissələrində yox, yalnız və sadəcə, Ermənistanın Dağlıq Qarabağda, habelə Azərbaycanın işğal olunmuş digər ərazilərində yerləşdirdiyi hərbi hissələrdə qulluq etməlidir. Beləliklə, başlıca məqsədin qadınları orduya cəlb etmək yox, sırf piar aksiyasını həyata keçirmək olduğu aşkarlanır.
2. Ermənistanın hakimiyyət dairələri özləri də bilmədən ölkənin silahlı qüvvələrinin döyüş hazırlığı və hərbi-texniki təminat səviyyəsinin bərbad olduğunu etiraf edirlər. Sovet dövründən qalma silah və hərbi texnika ilə silahlanmış ermənilər Rusiyadan aldıqları müasir hərbi texnikadan yararlanmağa çalışsalar da, "dördgünlük müharibə" onların cəhdlərinin uğursuz olduğunu göstərdi.
3. "Qadın batalyonu"nun yaradılması rəsmi İrəvanın ura-patriotluq və "köpüklü vətənpərvərlik" anlamlarını ön plana çəkərək, Ermənistan ordusunda hərbi xidmətdən yayınmaların kütləvi hal almasını pərdələmək səylərindən xəbər verir. Buna "Yerkarapa" Könüllülərİn İttifaqının "dördgünlük müharibə" zamanı faktiki olaraq hərbi çağırış məntəqələrinin səlahiyyətlərini qəsb edərək Ermənistanın ən müxtəlif məkanlarından Dağlıq Qarabağa könüllülər yollamağa başlaması da dəlalət edir.
4. Ermənistan rəhbərliyi qızların "döyüşmək istəyi"ni mediada təbliğat kampaniyası şəklində qabartsa da, hazırda Dağlıq Qarabağdakı hərbi hissələrdə belə "könüllülər"dən bir nəfər də yoxdur. Ermənistanın Lori, Sünik, Şirak, Gümrü, Spitak əyalətlərindən 122 qızın "Dağlıq Qarabağda vuruşmaq istəyi"nə düşərək cəbhəyə yollanmaları barədə xəbərlər verildi, həmin "cəsarətli erməni qızlar" kameralar qarşısında hərbi formada duraraq bol-bol danışdılar, döyüşlərə atılacaqlarını dedilər, amma hər şey elə bu kampaniya ilə başa çatdı.
Çəkilişlər başa çatandan sonra həmin "könüllülər" elə o avtobuslardaca geriyə, Ermənistana qayıtdılar. İndi həmin "könüllülər"in harada olduqları, nə iş gördükləri bəlli deyil.
5. "Qoymayın azərbaycanlılar qadınlarımızı vurur!" Məhz bu sözlərin bəyanatlar formasında əsaslandırılması üçün İrəvana mütləq şəkildə həlak olmuş erməni qadın hərbçi gərəkdir. Ki, o qadının fotoları əvvəl Ermənistan mediasında yayılsın, sonra Rusiyanın kütləvi informasiya vasitələrinə ötürülsün və kütlədə "gənc erməni qızlarını hədəfə alan Azərbaycan əsgəri" obrazı yaradılsın.
Ermənistan prezidenti Serj Sarkisyanın "qadın könüllülər batalyonu" yaradılması ideyasını bəyənməsinin əsas səbəbi də elə budur.
Əslində...
qadınların döyüşlərə atılması, hərbi hissələrdə qulluq etmələri, hərbçi olmaları anormallıq sayıla bilməz. Hazırda dünyanın bir çox ölkələrinin ordularında və hüquq-mühafizə birləşmələrinin jandarmeriya birləşmələrində, hətta xüsusi təyinatlı "kommandos" qruplarında qadınlar xidmət edir.
ABŞ-dakı Vest-Poynt, Britaniyadakı Sanderhörst akademiyaları təki dünyaca məşhur hərbi-tədris müəssisələrində kadet qızlar və qadınlar var.
İsrail, Türkiyə, Fransa, Britaniya, ABŞ, hətta İordaniya, Pakistan və Əfqanıstan ordularında da qadın hərbçilər var.
Azərbaycan da istisna deyil.
Suriya və İraqda İŞİD-ə qarşı döyüşlərdə kürd qadınların silahlı birləşmələri xüsusi qətiyyətlə, cəsarətlə vuruşurlar: bu qadınlar döyüşə özləri gedirlər və hansısa primitiv oyunun iştirakçıları deyillər.
İrəvansa tam fərqli: öz qərarlarını və göstərişlərini "vətəndaş təşəbbbüsü" kimi qələmə verir.
Ermənistan ümumi məcradan kənara çıxan, daha doğrusu, çıxarılası ölkədir.
Ermənistan dünyanın yeganə ölkəsidir ki, qadın vətəndaşlarını işğal olunmuş ərazilərə sırf təbliğat məqsədilə yollamağı düşünür və ölkə rəhbərliyi də bu qadınların ölməsini, həlak olmasını, "ən pis halda" ağır yaralanmasını istəyir.
Çünki məqsəd qadınlarla kişilər arasında gender bərabərliyi prinsiplərindən qaynaqlanan hərbi xidmət tənasüblüyü amilinin reallaşdırılması yox, Dağlıq Qarabağda nəyin bahasına olursa-olsun, həlak olmuş erməni qadın faktını reallaşdırmaqdır.
Belə fakt İrəvana ölkədəki ruh düşkünlüyü, ermənilərin "qardaş və müttəfiq" saydıqları ölkələrin onlara arxa çevirmələri, Ermənistan hakimiyyətinin aqressiv və şovinist siyasətinin ölkəyə hansı bəlalar vəd etdiyini anlayan ölkə vətəndaşları arasında ümidsizliyə bürünmüş pasifisizmin artmasının qarşısını almaq üçün gərəkdir.
Lakin "erməni qadın hərbçi", yəni Serj Sarkisyanın "haxçi zinvoritutyun" adlandırdığı təbliğat ünsürünün İrəvana nə dərəcədə kömək edəcəyi çox şübhəlidir.
Kişi cinsinə mənsubların səngərlərindən qaçdığı orduda qadınların nə edəcəyi elə ermənilərin özlərinə də maraqlıdır.
Milli.Az