Azərbaycan mafiyasının nümayəndələri arasında savaş başlayır.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın "Rosbalt agentliyi çıxış edib. Agentlik Azərbaycandan olan bir sıra qanuni oğruların Nadir Səlifova (Lotu Quli) meydan oxuduğunu yazıb. Belə ki, Səlifovun artıq bir neçə adamı digər qanuni oğrular tərəfindən döyülüb.

Quliyə qarşı koalisiyanı 4 qanuni oğrunun yaratdığı bildirilib. Bunların Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski) və Ceyhun Əsgərov (Ceyhun Gəncinski) olduğu vurğulanıb. Məhz bu qanuni oğrulara kənar qruplardan böyük dəstək verilib. Quliyə qarşı formalaşan ittifaqı əvvəllər Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi qanuni oğruları dəstəkləyib.

Agentliyin mənbəsi yeni ittifaqın artıq bir neçə uğurlu əməliyyat keçirdiyini də söyləyib. Onların Qulinin himayəsi altında çalışan biznesmenlərə qarşı hücuma keçdiyi bildirilib. Hətta Azərbaycanda tərəflər arasında baş tutan toqquşmaların biri atışma ilə nəticələnib.

Mənbə Səlifovun ona oxunan meydana cavab verməyə hazırlaşdığını bildirib. Artıq yeni əməliyyat hazırlanıb və tezliklə, hücumların Moskva, Bakı və digər yerlərdə olması gözlənilir.

Əslində Quliyə qarşı formalaşan ittifaqda iştirak edən hər kəsin buraya qoşulmaq üçün öz şəxsi motivi olub. Belə ki, Rafiq Eyvazovla Səlifovun düşmənçiliyi 2013-cü ildən başlayıb. O zaman Səlifov Rafiqin "qanuni oğru olmadığını elan edir. 2017-ci ildə tərəflərin münasibəti müharibə səviyyəsinə çatır. Nəticədə Səlifovun adamları Türkiyədə Eyvazovu ələ keçirərək onun qulağını kəsirlər.

Cavid Məmmədovla Səlifovun düşmənçiliyi birincinin digərinin maddi maraqlarına müdaxilə etməsindən sonra başlayıb. Məmmədova cavab həmin an verilib. Belə ki, tezliklə, Qulinin adamları Məmmədovun kamerasına daxil olaraq, onun bütün ətrafını vəhşicəsinə döyüblər. Məmmədovun özünə isə əl vurulmur. Bundan sonra o, Yunanıstana gedir və burada məşhur qanuni oğru David Sebiskveradze (Dato Kutaiski) ilə yaxınlaşır.

Emin Əhmədov da Eyvazovla eyni taleyi yaşayıb. Belə ki, Səlifovla onun münasibətləri 2013-cü ildə Əhmədovun oğru titulunun Quli tərəfindən tanınmamasından sonra başlayır. Quli Azərbaycandan olan heç kimin onun iştirakı olmadan oğru elan edilə bilməyəcəyini söyləyir. Əhmədov böyük çətinliklə öz titulunu qoruya bilir.

Ceyhun Əsgərova gəlincə isə 2014-cü ildə Qulinin özü şəxsən onu qanuni oğru elan edir. Bir müddət sonra isə tərəflər arasında münasibətlər gərginləşir.