Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldar Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 31-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

İttihama əsasən, E.Zeynalov 2002-ci ildə tanışı Etibar Alışovun idarə etdiyi avtomobildə Mehman Bağırovun Zakir Ağamirzəyev adlı şəxsi qəsdən öldürməsinin şahidi olub.
Bundan sonra o, istintaqdan yayınmaq məqsədilə M.Bağırov və digər tanışı İlham Bağırovla birlikdə Bakı şəhərində yerləşən mənzillərdən birində gizlənib. Həmin il fevralın 9-da hadisəni araşdırmaq məqsədilə mənzilə gələn polis əməkdaşlarına evdə olan "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə polis əməkdaşı Məhəmməd Ağayev ağır yaralanıb. Xəstəxanaya çatdırılan M.Ağayevin həyatını xilas etmək mümkün olub.

Digər şəxslər həbs olunsa da, E.Zeynalov hadisə yerindən qaçaraq Rusiyaya gedib. Hadisədən 15 il keçəndən sonra o, həbs olunub.

E.Zeynalov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittihm olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.