Avqustun 31-də iqtisadiyyat naziri Şahin Mustafayev Astarada Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Unikal.org-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş.Mustafayev tərəfindən dinlənildiyi, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verildiyi, bir sıra məsələlər yerindəcə həll edildiyi bildirilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehsal və emal müəssisələrinin yaradılmasına dəstək göstərilməsi, sitrus bitkilərinin əkini sahəsinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların arıçılıq, heyvandarlıq, çayçılıq və çəltikçiliyin inkişafına, mineral su istehsalı sahəsinin yaradılmasına güzəştli kreditlərin verilməsi, çəltik dəyirmanı üçün müasir avadanlıqların alınmasına dəstək göstərilməsi və s. müraciətlərinin həlli üçün müvafiq göstərişlər verilib. Belə ki, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə xurma istehsalının və ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb və Göyçayda müvafiq laboratoriyanın yaradılması barədə Assosiasiyanın müraciətinə lazımi köməkliyin göstəriləcəyi bildirilib. Qeyd olunub ki, güzəştli kreditlərdən istifadə olunmaqla artıq Göyçayda bu sahədə logistika mərkəzi yaradılır. Mərkəzin təşkili işlərinin sürətləndirilməsi məqsədilə əlavə güzəştli kreditin ayrılması qərara alınıb.
Lerikdə mineral sular istehsalı müəssisəsinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi barədə sahibkarın müraciəti dinlənilib, sahənin əhəmiyyəti və ixrac potensialı nəzərə alınaraq, məsələnin növbəti gün iqtisadiyyat nazirinin, müvəkkil kredit təşkilatının və sahibkarın iştirakı ilə geniş müzakirə edilməsi qərara alınıb.
Astarada keçirilmiş vətəndaş qəbulu çərçivəsində nazir Ş.Mustafayev Neftçala və Masallı sənaye məhəllələrində görülən işlərlə tanış olub.