Planlaşdırdığı cinayəti həyata keçirmək məqsədilə parka dincəlməyə gələnlərə özünü yüngül həyat tərzi sürən qızlara nəzarət edən şəxs kimi təqdim edir, onlarla görüşdürmək üçün vasitəçilik edəcəyinə inandırır və kiminin evini, kimininsə cibini "apara" bilir. Sonuncu hadisədən iki gün sonra polis əməkdaşları tərəfindən həbs olunarkən əməlindən peşman olduğunu, cinayəti xəstə övladına dərman almaq üçün törətdiyini etiraf edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində 31 yaşlı İbə Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, İbə Əsədov yanvar ayının 5-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 6-da yaşayan Badam Məmmədovanın mənzilinə daxil olaraq, yataq otağındakı paltar dolabından 6 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Oğurluq hadisəsindən on gün sonra İ.Əsədov Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, 13 saylı binanın qarşısında Xəqani Nəbiyevlə söhbət edərkən qəflətən əlini onun onun cibinə salaraq 530 manat pulunu götürüb qaçıb.

Törətdiyi cinayət əməlinə görə, İ.Əsədova Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) və 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən İbə Əsədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində heç yerdə işləmədiyini, övladının yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyini, dərmanlara pul lazım olduğundan bu yola əl atdığını göstərib: "Parkda bir yaşlı kişinin yüngül həyat tərzi keçirən qadınla söhbət etdiyini, amma pul barəsində razılaşmadıqlarını gördüm. Həmin kişiyə yaxınlaşıb yalandan bir nəfər tanış qadın olduğunu, onunla görüşdürə biləcəyimi dedim, inandı".

İ.Əsədovun ifadəsinə görə, guya təhlükəsizlik baxımından həmin şəxsin mənzilinə baxmaq istəyib, o da razılaşıb. Birlikdə əvvəlcə onun evinə, sonra isə görüşdürəcəyi qızın yaşadığı ünvana gəliblər. Üzərində bıçaq olub-olmadığını yoxlamaq məqsədilə əlini kişinin ciblərinə salıb, açar topasının arasından mənzilin açarını gizlincə çıxarıb. Sonra isə uşağına yemək alacağını bəhanə edərək, bir azdan qayıdacağını bildirib. Tez-tələsik mənzilə qayıdıb, yataq otağındakı qızıl-zinət əşyalarını götürərək evi tərk edib. Oğurladığı qızılları isə "Moskva" univermağında satıb.

İ.Əsədov növbəti cinayəti oğurluq hadisəsindən on gün sonra törədib. Bir nəfər orta yaşlı kişinin cibindən pul çıxarıb saydığını, təkrar cibinə qoyduğunu görüb. Onun içkili olmasından istifadə edən İ.Əsədov yaxınlaşaraq "tanış bir qadın var, əylənmək istəyirsənmi?" deyə soruşub. Həmin şəxs də razılaşıb: "Onu aldadıb parkın kənarına gətirdim. Bir qədər söhbət etdikdən sonra əlimi şalvarının cibinə salıb pullarını götürüb qaçdım. Pulları öz ehtiyaclarım üçün xərclədim".

Zərərçəkmiş şəxs qismində dindirilən Xəqani Nəbiyev ifadəsində hadisə baş verən gün içkili olduğunu, bir cavan oğlanın parkda yaxınlaşaraq onu pul müqabilində tanış qadınla görüşdürə biləcəyini deyib: "Razılaşdım. Birlikdə Əhmədzadə küçəsinə gəldik. Üstümdə 530 manat pul var idi. Qəflətən əlimi cibimə salıb pullarımı götürüb qaçdı. Arxasınca qaçsam da tuta bilmədim. Polisə müraciət etdim. İki gündən sonra polislər pulumu oğurlayan şəxsi tapdılar".

Şahid qismində dindirilən Eldar Məmmədov ifadəsində hadisə baş verən gün Nərimanov parkında yüngül həyat tərzi sürən qızlardan birinə yaxınlaşaraq onunla əylənmək istədiyini göstərib: "25 manat pul istədi, razılaşmadım. Bu vaxt bir cavan oğlan yanıma gəlib mənə yaxşı qız tapa biləcəyini təklif etdi. Söhbət əsnasında qızlara nəzarət etdiyini deyirdi. Məndən qızı hara aparacağımı soruşduqda evə aparacağımı bildirdim. O da evdə başqa bir adam olacağından qorxduğu üçün evə baxmaq istədiyini söylədi. Yaşadığım evi ona göstərdim. Evdən çıxıb metronun yaxınlığındakı bina evlərindən birinə gəldik, binanın üçüncü mərtəbəsinə qalxdıq. Qapını göstərib, "qız bu mənzildə yaşayır, gözlükdən baxacaq, əgər xoşuna gəlsən səninlə görüşəcək" deyib çıxıb getdi. Sonra əlini cibimə salıb üzərimdə bıçaq olub-olmadığını soruşdu. Cibimdəki açarlar yerə düşdü. Açarları mənə verib, "uşağıma yemək alıb indi qayıdıram" deyib getdi".

İ.Əsədovun hərəkətlərindən şübhələnən E.Məmmədov bir qədər tanımadığı mənzilin qapısında gözləsə də, sonradan fikrindən daşınaraq öz evinə qayıdıb. Qapı ağzında gözlənilmədiyi halda İ.Əsədovla üzbəüz gəlib. Onun qolundan tutaraq burada nə etdiyini soruşub. İ.Əsədov əlindəki açarı yerə ataraq hadisə yerindən qaçıb: "Mənzilə girəndə hər şeyin qaydasında olduğunu gördüm. Fikirləşdim ki, yəqin evə girməyib. Ona görə də heç kimə məlumat vermədim. Həyat yoldaşımgil rayondan qayıtdıqdan sonra qızılların evdən oğurlandığı məlum olsa da utandığımdan bu barədə heç nə demədim".

Məhkəmə prosesi davam edir.