Azərbaycan Ağır Atletika Federasiyasında problemlər davam edir. Dopinq qalmaqalından qaçmaq istəyən qurum hər dəfə bu problemlə yenidən gündəmə gəlir. Cahangir Əsgərovun rəhbəri olduğu federasiyada hərc-mərclik, dərəbəylik və fırıldaqçılığın olması mətbuat üçün hər zaman mövzu olub. Təbii ki, dava və qalmaqallar da öz yerində...
Budəfəki problem qurumda iki vəzifənin vitse-prezident və baş məşqçi postunun sahibi Tofiq Heydərovla Dünya və Avropa çempionu, tanınmış veteran idmançı Hafiz Süleymanov arasında yaşandı.
Vəzifəyə gələrkən yenidən idmançılarda dopinq çıxmayacağı ilə bağlı əminliklə danışan Heydərov bu baş verərsə, ağır atletikadan tamamilə gedəcəyini demişdi.
İslam Oyunlarının qalibi Anastasiya İbrahimovanın qanında ilk testin nəticəsinə görə dopinq aşkarlanması baş məşqçini əsəbləşdirdi. Bu səbəbdən də o həm Anastasiya, həm də onun şəxsi məşqçisi H.Süleymanovun ona qarşı qəsdən, planlı şəkildə qurğu qurduğunu açıqladı. Qurumda iki post sahibi olan Heydərov adı çəkilən şəxsləri "torba tikməkdə günhalandırdı. O, bu barədə sosial şəbəkədə bir neçə bəyanat yaydı və ağır atletika idman növünü tamamilə tərk ediyini bildirdi.
Amma qurum rəsmisi nədənsə sonradan həmin paylaşımlarını sildi.
Unikal.org-un məlumatına görə, Tofiq Heydərov hətta sözünün üstündə durmayaraq vəzifəsindən də istefa verməyib. O, hələ də vəzifəsinin icrasını davam etdirir. Məlumatda bildirilir ki, vitse-prezident və baş məşqçi olan Heydərova "paylaşımları sil əmri verilib.
Əmri federasiya prezidenti Cahangir Əsgərovdan alan Tofiq Heydərovun işi təkcə baş məşqçilik və vitse-prezidentlik deyil. Açıqlanan digər məlumata görə, idmançılara maaşı belə Heydərov verirmiş. Amma son 3-4 ay ərzində atletlər pul üzünə həsrət qalıblarmış.
Tofiq Heydərovun sözünün üstündə durmaması ilə bağlı AAAF-ın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevlə əlaqə saxladıq.
Unikal.org-a danışan qurum rəsmisi Heydərovun istefa verməməsini təsiqləyib:
"Tofiq Heydərov istefa qərarını həmin vaxtda da, ondan sonra da federasiyaya rəsmi şəkildə bildirməmişdi. O, öz istəyini şəxsi feysbuk profilindən elan etmişdi. İstər idmançı, istər məşqçi, istərsə də vəzifəsindən asılı olmayaraq kimsənin şəxsi fəaliyyətinə mane ola bilmərik, bu, onların öz işləridir. Tofiq Heydərovun istefası barədə Azərbaycan Ağır Atletika Federasiyası heç bir qərar qəbul etməyib, çünki buna rəsmi bir səbəb olmayıb.
"Federasiya rəhbəri vitse-prezidentin istefasını qəbul etməyib?- sualına K.Məstəliyev T.Heydərovun rəsmı şəkildə istefa üçün müraciət etmədiyini bildirib:
"Öncə də bildirdim. Tofiq Heydərov istefa barədə rəsmi müraciət ünvanlamamışdı. Olmayan şey qəbul da edilə bilməz.
Federasiyanın mətbuat katibi maaşları verən şəxs və gecikmə barədə də danışıb. O gecikmənin olmadığını desə də? kim tərəfindən verilməsini açıqlamayıb:
"Federasiyanın ödənişləri məsələsi əvvəlcədən razılaşdırılmış qayda və sistemlə edilir. Bu barədə açıq hesabat vermişik. Məvaciblərin kim və ya hansı şirkət tərəfindən ödənilməsi vacib deyil. Rəhbərlikdə hər bir funksionerin üzərinə düşən konkret iş var, onlar da müvafiq işləri görür.
Qeyd edək ki, Tofiq Heydərov AAAF şirkətlər qurupunu və onun daxilində yerləşən "Zirvə idman klubunun rəhbəridir.
Aygün İlqarqızı