Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik bitki becərən Cimi kənd sakinini saxlayıblar.
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, İslam İskəndərovun həyətyanı sahəsinə baxış zamanı ümumi çəkisi 2 kq-a yaxın 24 ədəd çətənə kolu aşkarlanıb. Bundan əlavə, İslam İskəndərovun yaşadığı mənzildən 1 kq 120 qram qurudulmuş narkotik vasitə aşkar edilərək götürülüb. O, çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini deyib.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Quba sakini Xoşbəxt Məmmədovun üzərindən isə siqaret kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq narkotik maddə olan tiryək aşkar edilib. Saxlanılan şəxs səhhətində problem olduğu üçün tiryəkdən istifadə etdiyini bildirib.
Hər iki faktla bağlı Quba rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.