Dünən Abşeron rayonunda ata və qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Unikal.org xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpədən keçən hissəsində Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızını bıçaqlayaraq öldürən Sahib Hacıyev avtomobil ustası olub.

Araşdırmalar zamanı məlum olub ki, ailəli olan 50 yaşlı Sahib Hacıyev özündən 12 yaş kiçik Samirə ilə bir neçə il əvvəl tanış olub və onlar arasında sevgi münasibəti yaranıb. Qeyri-rəsmi nikahda yaşayan cütlük arasında münasibətlər bir müddət əvvəl pozulub. Samirənin başqa şəxslə görüşdüyünü öyrənən Sahib ona dəfələrlə zəng vursa da, buna cavab ala bilməyib. Nəhayət Samirə Əsədova sevgilisinə başqa şəxslə də görüşə biləcəyini, onu belə qəbul etməsini söyləyib. Lakin Sahib qadının bu sözlərini qəbul etməyib və onu öldürməyi qərara alıb. Ardıcıl telefon zənglərinə cavab ala bilməyən 50 yaşlı kişi Samirəni hər dəfə rayonlara yola salıb-gətirən atasını izləməyə başlayıb. O, taksi sürücüsü olan Allahverdi Əsədovun Sulutəpə dairəsinin yaxınlığında qızını gözlədiyini müəyyən edəndən sonra Samirənin gəlməyini gözləyib. 38 yaşlı qadın atasının idarə etdiyi "VAZ 2107 markalı avtomobilə minən kimi Sahib idarə etdiyi "Mercedeslə həmin maşını arxadan vurub. Nə baş verdiyini anlamağa çalışan Samirə ilə atası maşından düşüb. Bu zaman Sahib özü ilə gətirdiyi mətbəx bıçağı ilə Samirəyə 3 zərbə endirərək onu öldürüb. O, araya girən Allahverdi Əsədova da bir zərbə endirib və onun xəsarətinin ağır olduğunu görəndən sonra 64 yaşlı kişini də öldürüb.

Ətrafa xeyli insanın toplandığını görən Sahib Hacıyev maşınla evinə gedib və polisə zəng edərək onu aparmasını xahiş edib.

O da məlum olub ki, S.Hacıyev cinayəti törətməyə getməzdən əvvəl borclu olduğu şəxslərin pulunu verib. Bəlli olub ki, onun ailəsi də Sahibin Samirə ilə qeyri-rəsmi yaşamasından və onu dəlicəsinə sevməsindən məlumatlı olub.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

09:42

Abşeronda dəhşətli qətl törədilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.