Arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən Qurban Hüseynov özünü tam olaraq təqsirli bilib.
Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.
Qurban Hüseynov ifadəsində bildirib ki, qətli törədən zaman özündə olmayıb: "Hadisə günü işdən çıxıb evə gəldim. Yemək istədim. Yatmışdı. Evdə mübahisə yarandı. Məni söydü, təhqir elədi. Dedi, "sən kişi deyilsən, dur, burdan çıx". Çölə çıxdım, sonrasını xatırlamıram. Peşmanam. Ailəmi məhv eləmişəm. O qızı öz uşaqlarımdan da çox istəyirdim. Mübahisəmiz tez-tez yaranırdı. Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm eləmişəm. Münasibətimiz əvvəllərdən çox yaxşı olub. Həm də bizimki qohum evliliyi idi. Qıraqdan baxanlar bizə qibtə edirdi. İndi çox peşmanam. Hadisə vaxtı sanki özüm deyildim. Heç istəməzdim ki, belə olsun. Ailəm dağıldı".
Təqsirləndirən şəxs bildirib ki, ayda 1300 manat əmək haqqı alıb: " Kreditlərimi verirdim. Maşınımın kreditini ödəyirdim, qalanını da evə verirdim. Özüm həm də Bakı-Sumqayıt avtobusu sürürdüm. O vaxtdan əsəblərim pozulmuşdu. Hər il müalicə etdirirdim".
Ölən şəxsin bacısı hüquqi varisi kimi dindirilib: "Bacım 30 il çörək zavodunda işləyib. Münasibətləri çox yaxşıydı. Qurban pis oğlan deyildi. Uşaqlarını evləndirmişdi. Son 6 ayda münasibətləri korlanmışdı. Qurbandan soruşdum, dedi ki bacın sözümə qulaq asmır. Bacımın yanına getdim, o da dedi ki, Qurban heç nədən özündən çıxır".
Qadın bildirib ki, bacısının ölümündən çox Qurbanın yetim bacısı qızını öldürməsinə pis olub: "Birinci mən onu qəyyumluğa götürmüşdüm. Sonra bu bacım götürdü. O qız həmin evdə nökər kimi işləyirdi. Rəhilə səhər-səhər buz kimi suyla Qurbanın da maşını yuyurdu. Bir sözlə nökərçilik, hamballıq edirdi. Bacım və bacım qızı ömürlük getdi, Qurbana ən ağır cəzanı istəyirəm".
Daha sonra "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov ölən şəxsin hüquqi varisi kimi dindirilib.
İ. Hüseynov qeyd edib ki, hadisə olandan yarım saat sonra evə gəlib: "Təsadüfən evə gəldim. Gördüm ki, anam və xalam qızı qan içində yerdədir. Heç nə soruşmadım. İndi nə şikayətim var, nə də tələbim. Valideynimdir. Gərək belə olmazdı".
Prokurorun suallarına cavab verən müğənni bildirib ki, valideynlərinin münasibətləri normal olub: "Sadəcə son vaxtlar, əsasən mən evlənəndən sonra münasibətləri pisləşdi. Heç nədən dalaşırdılar, bir-birlərini təhqir eləyirdilər. Aradan pərdə götürülmüşdü. Hadisə də yemək üstündə olmayıb. Atama yeməyi anam yox, Rəhilə verirdi. Məhz son illər bunlar heç yola getmirdi. Atamın əsəbləri yerində deyildi. Bir də gördün ki, işdən əsəbi gəlib, yersiz yerə anamla dalaşırdı. Məncə, anamı öldürəndən sonra Rəhiləni affekt halında öldürüb. İnanmazdım ki, atam qətl törədə".
Qeyd edək ki, qətl bu il martın 3-də Abşeron rayonu Saray qəsəbəsində baş verib.
Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.
Q. Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olub.
Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, qətl törədən şəxs "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov atasıdır.
Müğənni həmçinin bu işdə ölən şəxsin hüquqi nümayəndəsidir.