Prezident İlham Əliyev Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncamda qeyd olunur:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı üçün başlanılmış layihələrin davam etdirilməsinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu Açıq Səhmdar Cəmiyyətinə 8,0 (səkkiz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.