Sankt-Peterburqda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, qətlə yetirilən şəxs, Zaqatala rayonunun Çobankol kənd sakini Elman Rahid oğlu Məmmədovdur.

Kənd sakinləri bildirib ki, E. Məmmədov Rusiyada bizneslə məşğul olub. O, azyaşlı övladını müalicə etdirmək üçün Krasnoyarskdan Sankt-Peterburq şəhərinə gedib. Sankt-Peterburq şəhərində həmkəndlilərinin evində qonaq qalan Elman Məmmədov siqaret çəkmək üçün binadan həyətə düşüb. O, binanın həyətində naməlum şəxs tərəfindən güllələnərək qətlə yetirilib.

Mərhumun meyiti sabah doğulduğu Çobankol kəndinə gətirilərək dəfn ediləcək.

Qeyd edək ki, sentyabrın 13-də həmin hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 12-si yerli vaxtla saat 23.05 radələrində Novoe Devyatkino qəsəbəsi Məktəb küçəsi 94 ünvanında atışma olduğu barədə polisə məlumat daxil olub. Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onu xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar.

Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub.

Öldürülən şəxsin hadisənin baş verdiyi ünvana qonaq gəldiyi məlum olub. O, siqaret çəkmək üçün həyətə çıxanda güllələnib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.