"Palmali Şirkətlər Qrupunun sahibi, Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov Rusiyanın "Lukoil şirkətini məhkəməyə verib.
Unikal.org "Yenicag.aza istinadən xəbər verir ki, buna səbəb Rusiya şirkətinin "Palmali ilə bağladığı müqaviləyə əməl etməməsidir.
"Palmali "Lukoilin neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə razılığa gəlmişdi. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanmışdı. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. "Palmali müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.
Adının çəkilməsini istəməyən mənbə Yenicag.az-a məsələ ilə bağlı bunları söyləyib: "Ruslar "Palmali ilə müqavilələri ola-ola gedib özlərinə yeni şirkət açıblar. "Litaska "Lukoilin İsveçrədəki bir şirkətidir. Amma indi məhkəməyə verildiyi üçün həmin şirkəti atıb qaçmaq istəyirlər. "Palmali ilə 10 illik anlaşmaları vardı. Məhz bu anlaşma ilə əlaqədar onlardan təxminən 350 milyon dollarlıq gəmilər alınıb. "Palmali də yeni gəmilər hazırlayıb. Amma 2-3 il əvvəl heç bir səbəb olmadan ruslar anlaşmanı pozdular. "Palmali də dəyən ziyanı aradan qaldırmaq üçün məhkəməyə üz tutdu. Ruslara qarşı 1.750-2 milyard dollarlıq məhkəmə iddiası qaldırıldı.
Qeyd edək ki, "Lukoil dünyada ikinci ən böyük özəl neft şirkəti hesab olunur. Onun sahibi isə azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovdur.