Ağır atletika üzrə dördqat dünya çempionu Nizami Paşayevin saytımıza dünənki açıqlamasına millinin üzvü Rövşən Fətullayev sərt cavab verib.
Unikal.org-la əlaqə saxlayan R.Fətullayev gerçəkləri danışacağını bildirib: "Çiynində belə bir zədə ola-ola gedib İslam Oyunlarında nəticə vermək hər adamın başı üçün deyil. Yaşımın 30 olması mənə problem yaratmır. Özümü 18-19 yaşındakı kimi hiss edirəm. Yəni bədənimdə güc var, canım suludur. Bundan sonra da qarşıdan gələn yarışlarda iştirak edəcəm.
Bu gün Tofiq Heydərovun arxasınca danışırlar, deyirlər, hər şey göz qabağındadır. 2007-ci ildən mən milli komandadayam. Həmin vaxtdan görürəm ki, federasiyanın prezidenti Cahangir Əsgərova külli miqdarda ziyan vurulub. Onu aldadıb 80-100 min alıb, dərmanlara, dopinqlərə xərcləyiblər. Ona görə Tofiq Heydərov bu gün nəticə verə bilmir. Sual oluna bilər nə üçün? Çünki Tofiq müəllim federasiyanı öhdəsinə götürdükdən sonra dopinqə son qoyulacağını dedi.
Bu gün dünyanın heç bir yerində idmançının dərmansız medal qazanması mümkün deyil. Heç bir idmançı deyə bilməz ki, mən dərmansız medal götürmüşəm. Mənim ürəyim çox doludur. Bu posta Tofiq Heydərodvan başqa çox insanlar gəlib, getdi. Hansı məşqçi gələndən sonra nəticə verib? Mən hələ normal bir nəticə görməmişəm. Bir nəfəri nümunə göstərin ki, Tofiq Heydərovun vaxtında kimsə dopinqə düşüb. Nastiyanı deyə bilərsiniz. Onun da dopinqli olmasında məsuliyyəti birbaşa onun şəxsi məşqçisi Hafiz Süleymanov daşıyır.
Yenə deyirəm Tofiq Heydərovun nəticələri ondan əvvəl olan bütün məşqçilərdən həqiqətən üstündür. Çünki o idmançıları, Azərbaycan bayrağını yüksəltməyi fikirləşir.
Ona qədər olan məşqçilər bizi məhv etdilər. Bizim yaxşı idmançılarımız vardı. Nədənsə, Tofiq müəllimə maneə törədirlər. Bütün bunlar xainlikdir.
R.Fətullayev vaxtilə dopinqə görə gizlənə-gizlənə gəzdikləri vaxtı da xatırladıb: "Mən İslam Oyunlarında dərmansız, dopinqsiz belə bir ciddi zədəylə nəticə verirəmsə, bu özü böyük nəticədir. İndi 24 saat dopinq testdən keçməyə hazırıq. Əvvəllər gizlənə-gizlənə qalmışdıq. İslam Oyunlarına çıxanda kişi kimi çıxdım. Biz indi bir ailə olaraq dopinqə yox deyirik.
Aygün İlqarqızı