Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin gəlmədiyi elan olunub.

Hakim bildirib ki, şahidlər barəsində məcburi gətirilmə barədə qərar çıxarılsa da, onların məhkəmədə iştirakı təmin edilməyib.

Daha sonra T.İbrahimov məhkəmədə qeyd edib ki, bəzi şahidlərin məhkəməyə gətirilməsi üçün özü də səy göstərəcək. O, həmçinin cinayət işində şahid qismində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da məhkəməyə şahid kimi çağırılmasını istəyib.

Hakim söyləyib ki, icra başçısı bu iş üzrə istintaqda şahid kimi dindirilib və onun da növbəti proseslərdə məhkəmədə iştirakı və ifadə verməsi təmin ediləcək.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

İttiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovanı isə dövlət şirkətində işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
O, ümumilikdə 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatıradaq ki, T.İbrahimov Azərbacanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.