Balakəndə atalığı tərəfindən zorlanaraq, hamilə qalan 12 yaşlı qız və ailənin digər üzvləri, hələ ki, Azərbaycan Uşaq Birliyinin himayəsindədir.

Unikal.org xəbər verir ki, bu barədə modern.az-a Birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, ailə üzvlərinin sənədləşmə işləri tamamlanıb: "Atalıq uşaqların sənədlərini cıraraq, yarasız hala salmışdı. Vəsiqələr Daxili İşlər Nazirliyinin sayəsində qısa zamanda bərpa olundu. Hazırda 12 yaşlı həmin qız reabiltasiyası və səhhəti ilə bağlı xəstəxanada tam nəzarət altındadır. Bu həftənin sonu, ya da növbəti həftənin əvvəli xəstəxanadan çıxarılaraq, Birliyə gətiriləcək. Ailənin digər bacı və qardaşları da bu gün rayondan gətirilir. Sabahdan etibarən onlarla bağlı da işlərə başlayacağıq. Onların hamısını himayəyə götürmüşük. Dua edirik ki, süni nəfəs aparatına qoşulan körpə də yaşayacaq".

Hüquq müdafiəçisi deyib ki, qadın yaşadığı faciəyə, 12 yaşlı qızının təcavüzə uğramasına baxmayaraq, doğulan körpəni qəbul edir. Və sağ qalacağı təqdirdə onu himayəsinə götürəcəyini deyir.

Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.

ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Uşaq hazırda süni nəfəs aparatına qoşulub.