Dövlət İqtisad Universitetində (ADİU) dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Unikal.org xəbər verir ki, Baş Prokurorluqdan musavat.com-a verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatədən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumdur ki, Hesablama Palatasının, ardından Baş Prokurorluğun araşdırdığı illərdə ADİU-nun rektoru deputat Şəmsəddin Hacıyev olub. İstintaqla üzə çıxarılan əsaslı şübhələr faktlarla, sübutlarla bərkidilərsə, ADİU-da çalışanlar vəsaitlərin mənimsənilməsidə Ş.Hacıyevin suçlu olmasını ifadələri ilə təsdiqləyərlərsə, sabiq rektor həbs oluna bilərmi?
"Femida qəzetinin baş redaktoru, tanınmış hüquqşünas Əyyub Kərim deyir ki, Baş Prokurorluqdan başlanmış cinayət işi Ş.Hacıyevə yaxşı perspektiv vəd etmir: "Hazırda fakt üzrə cinayət işi davam edir. İstintaq nəticəsində təsdiqlənərsə ki, ADİU-da mənimsəmələr sabiq rektorun dövründə baş verib, rektor kimi Şəmsəddin Hacıyevin kriminal xarakterli əməlləri var, bu halda Baş Prokurorluq təqdimatla Milli Məclisə müraciət edəcək. Faktları, sübutları ortaya qoyub Şəmsəddin Hacıyevin mandatdan məhrum olunması məsələsini qoyacaq. Təqdimatla Milli Məclis razılaşarsa, onun mandatı ləğv olunacaq. Hazırda Şəmsəddin Hacıyev Milli Məclisin üzvüdür. Toxunulmazlığı var. Ancaq mandatı ləğv olunacaqsa, Şəmsəddin Hacıyev də sıravi vətəndaşlar kimi istintaqa çağırıla, həbs oluna bilər.
Ə.Kərim deyir ki, Ş.Hacıyevlə yanaşı onun rektorluğu dövründə ADİU-da çalışanlar da istintaqın diqqət mərkəzindədir: "Sözsüz ki, istintaqa cəlb olunan təkcə Şəmsəddin Hacıyev olmayacaq. Onun müavinləri, yeyinti və mənimsəmələrdə iştirak edən dekanlar, tikinti işləri ilə məşğul olan yaxınları və digər şəxslər həbsə alınacaqlar. Söhbət kriminal xarakterli nöqsanlardan gedir. Burada kimsə yaxasını asanlıqla kənara çəkə bilməyəcək. Bu şəxslərin ifadələrini alıb Şəmsəddin Hacıyevlə üzləşdirəcəklər. Bundan sonra sabiq rektorun məsuliyyətə cəlb olunma məsələsi həll oluna bilər. Hələlik araşdırmalar gedir. Yaxın gələcəkdə istintaqın nəticəsi bilinəcək. Ortada isə çox ciddi faktlar var. Bu məsələ hərtərəfli araşdırılmalıdır.
Ə.Kərim deyir ki, 179-cu və 308-ci maddələrlə həbs olunan şəxslərə məhkəmə praktikasında tətbiq olunan cəzaları da açıqlayıb. Bildirib ki, 179.3.2-ci - qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama maddəsi üzrə 7 ildən 12 ilədək, 308.2 maddəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda 3 ilədək müəyyən vəzifə tutmaqdan məhrum edilməklə 3 ildən 8 ilədək cəzalandırılır.
Hər 2 maddə üzrə kifayət qədər ciddi cəzalar nəzaərdə tutulur. Bu maddələrlə başlanan cinayət işində hökmən həbslər olacaq. Kimlər həbsə gedəcək, kimlər qalacaq bunu istintaqın gedişatında üzə çıxan faktlar, sübutlar müəyyən edir. Hər iki maddə ağır nəticələrə səbəb olan cinayətlərin ortada olduğunu təsdiqləyir".
Şəmsəddin Hacıyev istintaqa cəlb olunarsa və istintaqla müəyyən edilmiş vurulan ziyanı ödəyərsə, ona qarşı həbslə əlaqəli olmayan cəza tətbiq oluna bilərmi?
Ə.Kərim deyir ki, qanunların humanistləşdirilməsi o demək deyil ki, cinayət törətmiş şəxslər törətdikləri əmələ görə cəzasız qalırlar: "Oğru mağazaya girsin və ayaqqabını oğurlayıb qaçsın. Sonradan ifşa olunsun və ayaqqabını qaytarsın və ya onun dəyərini ödəsin. Onu azad etmək olar? Əlbəttə ki, yox, onu oğurluq əməlinə görə mühakimə edib cəzalandırmaq lazımdır. Bir qədər sərt deyil, daha yüngül cəza vermək olar. Amma mütləq cəzasını almalıdır ki, digərləri də ona baxıb oğurluqdan çəkinsinlər. Deməsinlər ki, filankəs oğurladı, pulunu ödədi və azadlıqda qaldı, biz də gedək oğurlayaq. Cəza siyasətinin humansitləşdirilməsi cinayət törətmiş şəxslərin cəzadan kənar qalması demək deyil. ADİU ilə bağlı üzə çıxan faktlar da sıradan faktlar deyil, həbslər olacaq.
Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası hesabatı maraqlı faktları üzə çıxarıb. Köhnə rektor, hazırda deputat olan Şəmsəddin Hacıyevin ADİU-ya rəhbərliyi dövründə baş verən böyük qanunsuzluqların araşdırılacağı gözlənilir. Hesablama Palatasının Kollegiyası ADİU tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. ADİU-nun ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-cü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Şəmsəddin Hacıyevin rektorluğu dövründə bu gün gündəmi zəbt edən məlumatlar mətbuatda dəfələrlə tirajlanmışdı. Həmin dövrdə müvafiq qurumaların diqqətindən kənar qalmışdı.