Bakıda binalara bobma qoyulduğunu yalandan deyən şəxsim sərxoş olduğu məlum olub
Unikal.org bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, K. Mikayılovun cinayət işinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.
Prokuror K. Mikayılovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
K. Mikayılovun vəkili çıxışında onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Sonra K. Mikayılov son söz deyib. O, son sözündə polisə zəng edərkən sərxoş olduğunu deyib və peşmançılığını bildirib. K. Mikayılov ona ağır cəza veriləcəyi təqdirdə özünü öldürəcəyini də deyib: "Ağ kağıza yazacam ki, mənim ölümümdə heç kimi günahlandırmayın. Sonra da intihar edəcəm. Mən polisə məlumat verəndə anlaqlı vəziyyətdə olmamışam".
Məhkəmə Kollegiyası hökmü elan edib.
Hökmə əsasən, K. Mikayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın zirzəmisinə "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.
Həbs edilən K. Mikaylova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.