Sentyabrın 27-də "Qarabağ" - "Roma" görüşünü izləyəcək biletli azarkeşləri daşıyacaq ekspress xətt avtobuslarının rahat, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) hazırlıq işlərini davam etdirir.

BNA-nın mətbuat katibi Mais Ağayev unikal.org-a bildirib ki, Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılır.

Bundan öncə BNA-nın yaydığı məlumatda qeyd edilib ki, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli azarkeşlər saat 16:30-dan etibarən metronun "Qara Qarayev" stansiyasının qarşısından "X1 Express" xətti və metronun "Gənclik" stansiyasının qarşısından "X2 Express xətti" üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.

Mərasim bitdikdən sonra da azarkeşlər ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarına geri daşınacaq.

Qeyd edək ki, biletli azarkeşlərin ekpress xətt avtobusları Bakı Olimpiya Stadionuna eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.