"1991-ci ildən bu yana Azərbaycanda partlamamış hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb.
Unikal.org-un xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə, habelə işğaldan azad edilmiş ərazilərdə və keçmiş sovet ordusunun tərk etdiyi poliqon və bazalarda mina və partlamamış hərbi sursat problemləri var.
A. Şərifov bildirib ki, sovet ordusunun Cənubi Qafqazda Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən hərbi bazasında baş vermiş partlayış zamanı 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb.
Baş nazirin müavini onu da qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir.