Bir müddət əvvəl etiraz aksiyaları ilə gündəmə gələn Azərbaycan Dillər Universitetində yenidən narazılıqlar yaranıb.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki,  sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya başlayıblar. Onlar korpusdakı tələbə sıxlığına etiraz ediblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib.

Lakin bazar ertəsi universitetə qayıdan tələbələr "sürprizlə qarşılaşıb. Belə ki, universitet rəhbərliyi aksiyanın təşkilatçılarını və onlara yardım edənlərin kimliyini araşdırıb. Rektor Kamal Abdulla həmin tələbələri əsas korpusda qəbul edib.

Aksiyanın əsas 4 təşkilatçısına universitetdən qovulduqları bildirilib. Bundan əlavə, 8 tələbəyə şiddətli töhmət, digərlərinə isə töhmət verilib.

Yeni rektor tələbələrə bir daha aksiya keçirəcəkləri təqdirdə daha ağır formada cəzalandırılacaqları barədə xəbərdarlıq edib.

Rektorla görüşdə tələbələr Təbriz küçəsindəki korpusun mühafizəçilərindən şikayətçi olublar. Bildiriblər ki, mühafizəçilər onlarla kobud rəftar edir. K. Abdulla həmin mühafizəçilərin də işinə xitam verib.

Məlumat üçün bildirək ki, Təhsil fakültəsi bu ildən Təbriz küçəsindəki korpusa köçürülüb. Bu isə binada birdən-birə tələbə sayının artımına və burada sıxlığa səbəb olub. Tələbələr isə sıxlığın azaldılmasını tələb ediblər.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı BakuPost.az-a açıqlama verərək bildirib ki, universitetdə hansısa aksiya keçirilməyib: "Təbriz küçəsindəki korpusda təhsil alan tələbələri rektor onların istəyi və təşəbbüsü əsasında qəbul edib. Tələbələr müəyyən təkliflər səsləndiriblər. Rektor da təkliflərin nəzərə alınacağını bildirib. Kiminsə universitetdən qovulması barədə deyilənlər isə yalandır.