"Azərsu Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanmış "Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin "Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ) AzMİU-nun "Mühəndis sistem və qurğularının tikintisi kafedrasının filialı fəaliyyətə başlayıb.
ASC-dən Unikal.org-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə "Azərsu ASC-nin sədr müavini Seymur Seyidov ölkəmizdə içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib.
S.Seyidov bildirib ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində su sektoru, o cümlədən, içməli su təchizatı və tullantı sularının idarə edilməsinə xüsusi diqqət yetirilib. Su sektoru üçün strateji hədəf kimi "Yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması və "Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi hədəfləri müəyyən olunub. Sənəddə kadr potensialının təkmilləşdirilməsi də prioritet məsələ kimi müəyyənləşdirilib.
Sədr müavini bildirib ki, elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə "Azərsu ASC Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti ilə yanaşı, Memarlıq İnşaat Universiteti ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə müasir tələblərə cavab verən "Su təchizatının problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası yaradılıb. AzMİU-nun tələbələri mütəmadi olaraq "Azərsu ASC-də istehsalat təcrübəsi, "Yay məktəbi və Təqaüd proqramlarının imkanlarından yararlanıb.
Sədr müavini bildirib ki, "Sukanal ETLİ-nin yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində 50 ildən çox təcrübəsi var. Bu müddət ərzində institutda 11 elmlər doktoru və 40-dan çox fəlsəfə doktoru hazırlanıb.
AzMİU-nun prorektoru Akif Qasımov su təsərrüfatı sektoru üçün kadr hazırlığında universitetin xüsusi rolu olduğunu bildirib. O, qeyd edib ki, filialın yaradılmasında əsas məqsəd elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsidir. Filialın yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.
Qeyd olunub ki, filialın yaradılması təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, kadr potensialının artırılması baxımından əhəmiyyətlidir. Tələbələr institutun fəaliyyət sahələri, mütəxəssislərin peşəkarlığına olan tələblər ilə yaxından tanış olacaq, laboratoriya və şöbələrdə məşğələ keçmək imkanı əldə edəcək. Eyni zamanda institutun elmi işçiləri tədris prosesinə cəlb olunacaq. Filialın yaradılması "Azərsu ASC üçün kadrların hazırlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
"Sukanal ETLİ-də yaradılmış AzMİU-nun "Mühəndis sistem və qurğularının tikintisi kafedrasının əsasnaməsi təsdiq edilmişdir.