Son günlər paytaxtın H.Zərdabi küçəsində şəkildə gördüyünüz yerdən avtomobillərin evakuasiya edilməsi barədə sürücülərdən çoxlu müraciətlər almışıq. Sürücüləri təəccübləndirən odur ki, həmin ərazidə parkomat və parklanma yeri nişanı var, amma avtomobillər evakuasiya olunur.
Milli Onkologiya Mərkəzi və Eksperimental Cərahiyyə Mərkəzinin yanında yerləşən həmin əraziyə baxanda hər şey aydın oldu. Yolun kənarına şəkildə gördüyünüz 3.27 və üstündə "08.00-18.00 yazılmış 7.5.4 nişanları qoyulub. Bunlar birlikdə o deməkdir ki, səhər saat 08:00-dan axşam saat 18:00-dək yolun həmin tərəfində nəinki parklanma, hətta dayanma da qadağandır. Amma bu nişanlardan cəmi 1-2 metr sonra 5.15 və 7.8 nişanları da qoyulub, daha sonra parkomatlar düzülüb. İkinci nişanlar isə o deməkdir ki, bura ödənişli parklanma yeridir. Özü də həmin yerdə parklanma vaxtla məhdudlaşdırılmayıb. Problem də elə budur. Nişanların birinci cütü gündüz saatlarında dayanmanı (parklanmanı) qadağan edir, ikinciləri isə sutka boyu parklanma yeri olduğunu bildirir. İndi yazıq srücü bunların hansına inansın? Axı hər ikisi yol nişanıdır.
Belə vəziyyət iki problemi bütün çılpaqlığı ilə ortaya qoyur. Birinci problem odur ki, ötən ilin dekabr ayında parklanma qaydaları ilə bağlı "Yol hərəkəti haqqında Qanunda dəyişiklik edildi. Həmin dəyişiklik mükəımməl olmasa da, problemi xeyli dərərcədə həll etməyə imkan verir. Buna baxmayaraq, heç bir parklanma yeri düz-əməlli təşkil edilməyib, normal nişanlar, nişanlanma xətləri tətbiq edilməyib. Bunun acısını isə sürücülər çəkirlər.
İkinci problem isə yol hərəkəti təhlükəsizliyi komissiyası ilə bağlıdır. Qanuna görə, yollarda istənilən nişan bu komissiyaların qərarı ilə qoyula bilər. Onda belə çıxır ki, ya bu komissiya mövcud deyil, heç bir qərar-filan qəbul etmir, ya da elə həmin komissiya bir-birinə zidd qərarlar qəbul edir, biri digərini inkar edən nişanlar qoyulmasına icazə verir.
Düşünürəm ki, bu problemlər çoxdan həll edilməlidir. Əslində, şəkildə göstərilən yerdə normal xətlənmələr aparmaqla, 5.15 və 7.8 nişanından başqa onları tamamlayan (eyni dayaqda) və üzərində "18.00-08-00 yazılmış 7.5.4 nişanı da qoymaqla həmin məsələni həll etmək olar (yəni səhər 08.00-dan, axşam 18.00-dək dayanmaq qadağandır, axşam 18.00-dan səhər 08.00-dək isə parklanmaq olar). Amma belə yanaşma da bir qədər risqlidir. Çünki yol hərəkəti qaydalarından məlumatsız olan xeyli sürücü onsuz da bunun nə demək olduğunu çətin başa düşəcək.
Amma hələlik burada aşkar səhv göz qabağındadır. Özü də belə səhflərə görə konkret hüquqi məsuliyyət də var. İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir.
Əminəm ki, şəkildə gördüyünüz nişanlardan ən azı bir cütü qanunsuz quraşdırılıb (qanuni quraşdırılsaydı, belə olmazdı). Ona görə də Dövlət Yol Polisinin vəzifəli şəxslərindən xahiş edirəm ki, göstərilən yerdəki nişanların qoyulmasının qanunauyğunluğu araşdırılsın, qanunsuz nişan qoymuş şəxslər barəsində tədbirlər görülsün. Yəqin ki, həmin nişanları təşkilat (hüquqi şəxs) quraşdırıb. Ona görə də həmin hüquqi şəxs barəsində 1500-2000 manat cərimənin tətbiqi lazımdır. Görülmüş tədbirlər barəsində ictimaiyyətə də xəbər verilsə, yaxşı olar.