Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasında rəhbər dəyişikliyi olub. Təhsil naziri Mikayıl Cabbarov Nazim İbrahimovu əvəzləyərək quruma rəhbər seçilib.
Hazırda qurumda bəzi dəyişikliklər gözlənilir. Ən başlıcası isə AQF-nin binasının köçrülməsidir.
Federasiyanın keçmiş vitse-prezidenti Yaşar Məmmədov Unikal.org-a hesabat-seçki konfransından sonra Nazim İbrahimovla danışması ilə bağlı məlumat verib:
"Mikayıl müəllimin təyinatı xəbərini eşidən kimi Nazim İbrahimov mənlə danışıb deyir ki, "mən onsuz da çıxacaqdım. Mən də dedim ki, sən çıxmadın, səni qovdular.
Mikayıl müəllimlə hələ ki, elə hesabat-seçki konfransı zamanı görüşdük. Onunla danışarkən vizit kartımı ona verdim. Dedi ki, yaxın günlərdə görüşüb, bir sıra məsələlərlə bağlı danışacağıq.
Mikayıl Cabbarovun AQF-yə böyük diqqət ayıracağına inanıram. Çünki o hələ seçilməmişdən 3 gün əvvəl Azərbaycan Texniki Universitetinin təzə təmirdən çıxmış zalını qılıncoynadanlarımıza hədiyyə etdi. Yeni zal əvvəlkindən 3 dəfə böyükdür. Yaxın günlərdə vitse-prezident, baş katib və başqa vəzifələrə adamlar seçiləcək. İnkişaf proqramı olmalıdır. Amma bu məsələ müzakirəyə çıxarılmayıb. Sentyabrın sonuna kimi bütün bu kimi məsələlər həllini tapacaq.
Yaşar Məmmədov Federasiyanın binasının köçrülməsini də təsdiqləyib:
"Əsas binanın harada yerləşəcəyini hələ bilmirik. Bu məsələlər müzakirə ediləcək. Bir federasiyanın saytının olmaması biabırçılıqdır. Bütün bunların hamısını Mikayıl müəllimlə görüş zamanı onun diqqətinə çatdıracağam.
Yaşar Məmmədov Nazim İbrahimovun ona 159 min manat, idmançılara isə 450 min manatdan çox borcu olduğunu bir daha qeyd edib.
Xatırladaq ki, avqustun 17-də Nazim İbrahimovun keçirtdiyi hesabat-seçki konfransında Yaşar Məmmədovu tutduğu postdan azad ediblər. Onun yerinə Ramin Məmmədovu təyin edilib. Mikayıl Cabbarovun Nazim İbrahimovun yeni təyin etdiyi kadrları işdən azad edəcəyi də iddi olunur. Onun yeni komanda qurmağı planlaşdırdığı bildirilir.
Aygün İlqarqızı