Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Milli Məclisdə keçirilən Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə narkotik vasitələrdən istifadə edənlərin məsuliyyətdən azad edilməsi ilə bağlı dəyişikliklərə dair ictimai dinləmədə Ali Məhkəmə və Baş Prokurorluq nümayəndələrinin fikirlərinə münasibət bildirib.

Unikal.org-un məlumatına görə, V. İsayev deyib ki, 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb. O qeyd edib ki, burada mövqe birmənalı olub: "Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb.


14:43

Baş Prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir.

Unikal.org xəbər verir ki, bunu Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisdə keçirilən ictimai dinləmələrdə deyib. O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: "Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda, əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək.

Qeyd edək ki, dəyişikliyə əsasən CM-nin 234.1-ci maddəsində cəza sanksiyası ləğv edilir və narkotik istifadəçisi məcburi stasionar müalicəyə göndərilir.

Ali Məhkəmənin Ağır Cinayətlər Kollegiyasının sədri Şahin Yusifov da bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıb.