Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlayıb.
Unikal.org-un məlumata görə, işə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir.
Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Müsabiqəyə ilk peşə-ixtisas təhsili müəssisələrində olan 70 vakant müəllim yeri çıxarılıb. Vakant yerlər ölkənin regionlarındakı peşə məktəblərindədir.