Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarından birinin zirzəmisindən su ventillərini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Ağstafa rayon sakini Xəyal Rəfiyev olması məlum olub. Ətrafında aparılan tədbirlərlə onun digər bir nəfərlə birlikdə rayonun M.Cəlal küçəsindəki çoxmərtəbəli yaşayış binalarından 9-nun zirzəmilərindən ümumilikdə 42 ədəd istilik sistemlərinin diyircəklərini (ventilləri) oğurladıqları müəyyən edilib.
Davam etdirilən tədbirlərlə digər şəxs - Ağdaş rayon sakini Yasər Bayramovun da yeri müəyyənləşdirilərək tutulub. Saxlanılan şəxslər oğurluğu əlvan metal əldə edib satmaq niyyəti ilə etdiklərini və həmin ventilləri Yasamal rayonu ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.