Bu gün Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.
Unikal.org xəbər verir ki, deputat Fazil Mustafa bildirib ki, azərbaycanlı məmurun dövlətin və xalqın maraqlarına zidd olaraq, səsverməyə belə açıq dəstək ifadə etməsi müsbət hal deyil.
"Bu adam məmur olduğu halda açıq deyir ki, hansısa "Kürdüstan"a görə daşıdığı Azərbaycan pasportunu, hərbi biletini cırmağa hazırdır. Dəhşətlisi odur ki, hələ də, Azərbaycan dövlətində tutduğu vəzifəsini icra edir və ona "qaşın üstdə gözün var" deyən yoxdur. Düzdür, biz kərküklü qardaşlarımıza dəstək veririk, amma bu məmurun bu addımı narahatlıq doğurur. Bununla bağlı vaxtında tədbir görməsək, sonra bu məsələ elə vüsət alacaq ki, gec olacaq".
Deputat Vahid Əhmədov Baş Prokurorluğa çağırış edərək, bu məsələ ilə bağlı ciddi tədbir görülməsini istəyib: "Son vaxtlar dünya, xüsusilə Azərbaycan 25 ildən çoxdur ki, separatizmdən əziyyət çəkir. İndi bizim məmur durub separatçı "referundumu" dəstəkləməklə sırf dövlətçiliyimizə zərər vurur. Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı olan bu addımlarla bağlı vaxtında tədbir görsün".