Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və qohumunu öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu, 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.
İlkin məlumata görə, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.
Hadisədən sonra meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.
Qətli törədən Q.Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, qətli törədən Q.Hüseynov "N brothers musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.