Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan dörd nəfərdən ibarət dəstə üzvləri - 27 yaşlı Nurlan Hacımayılzadə, 21 yaşlı Adəm Lətifov, 20 yaşlı Saleh Sadıxov və 20 yaşlı Taleh Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Nurlan Hacımayılzadə 6 il, Adəm Lətifov 5 il 3 ay , Saleh Sadıxov 5 il, Taleh Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, Nurlan Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.
Dəstə üzvləri Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrində sürücü Tariel Məmmədovun idarə etdiyi "Şaqman" markalı yük avtomobilini saxladıqdan sonra yerə düşməsini görüb, əvvəlcədən razılaşdıqları kimi, onun üstünə hücum çəkərək qarın nahiyəsinə və sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.