Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, oktyabrın 4-də DİN-in "102 Zəng Xidməti Mərkəzinə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10 000 rubl (295 manat) pul aparıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədənlər müəyyən edilib və Zəyəm Cırdaxan kənd sakini İlkin Babayev və əvvəllər məhkum olunmuş Toğrul Babayev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Tutarlı dəlillər qarşısında həmin şəxslər bu əməli tamah məqsədi ilə törətdiklərini və əldə etdikləri pulu aralarında böldüklərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.