Bu gün ənənəvi olaraq XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start verilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxışında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların sayı, həm də satışa çıxarılan məhsulun həcmi çoxdur: "Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötən ilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı".
Nazir müavini əlavə edib ki, bu il arıçılar üçün çətin ilin olmasına baxmayaraq, göstəricilər sevindiricidir. "Bilirsiniz ki, may ayında quraqlıq müşahidə olundu ki, bu da arıçılıq məhsullarının keyfiyyətinə və həcminə təsirsiz ötüşməyib. Buna baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, respublikamızın bütün iqtisadi rayonlarından olan arıçılar burada təmsil olunur. Ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır. Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, yarmarkaya çıxarılan məhsullara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilib: "Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. Söhbət təxminən 3400 nümunədən gedir. 509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir".