Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyev və digərlərinin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, C.Hacıyevin vəkilləri Aqil Layıcovla, Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.
Onlar qeyd ediblər ki, əlavə sənədlər əsasında kassasiya şikayətini yenidən hazırlanması zərurəti ortaya çıxıb.
C.Hacıyev də məhkəməyə ərizə göndərərrək vəkilləri ilə razı olduğuni qeyd edib. Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Onu da əlavə edək ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamində idi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, İ.Hüseynov 7 il 23 gün, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, A.Sultanov 7 il 6 ay və İ.Abdullayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Abdullayev, M.Cahangirov və A.Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona şərti cəza verilib. İ.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. A.Cavadov isə məhkəmə zalında həbs edilb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında C.Hacıyevin vəkilləri prosesi istintaqla keçirilməsini istəyib. Vəsatət təmin olunmayıb. Həmin qərardan isə kassasiya şikayəti verilib. Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Hacıyev və digərlərinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Bundan başqa, məhkəmə təqsirləndirilən M.Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.