Bakıda yararsız və mənşəyi məlum olmayan ətlərin satılması ilə bağlı mətbuatda məlumatlar yer alıb. Yayılan xəbərlərdə Paytaxt bazarlarının birində ətin kiloqramının 1.5-2 manata satılması qeyd olunur. 
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov Unikal.org-a müsahibə verib. Xidmət rəisi müsahibəsində fikirlərini belə ifadə edib:

-Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti səlahiyyətləri daxilində insanların sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan ət məhsullarının istehsalı və tədarükünə qarşı daimi mübarizə aparır. Mənşəyi məlum olmayan ət məhsullarının istifadəsi insanların sağlamlığına ciddi təhülkə törədir. Cənab prezident İlham Əliyevin müvafiq fərmanlarında insanların həyatına təhlükə törədən qeyd etdiyim proseslərin qarşısının alınması tapşırılıb. Bu yöndə cənab Heydər Əsədovun da ciddi göstərişi var. Bu sahə nazirin daim diqqətindədir. Tərəfimizdən mütəmmadi olaraq tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində 2015-ci ildə təkcə 48 min 515 kiloqram qida üçün yarasız, mənşəyi məlum olmayan heyvandarlıq məshulları tərəfimizdən aşkar olunaraq çıxdaş edilib. Bu proses media orqanlarının iştirakı ilə həyata keçirilib. 2015-ci ilin I rübü ərzində 10 tondan yuxarı yararsız, mənşəyi məlum olmayan ət məhsulları tərəfimizdən aşkar edilərək çıxdaş olunub. Cənab nazirin göstərişinə əsasən bu sahədə ciddi tədbirlər görülür. Əldə olunan bütün materiallar araşdırılıb və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara təqdim edilir. Qanunsuz əməllərlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində tədbirlər görülür. 

- Mənşəyi məlum olmayan ət və ət məhsulları ən çox hansı məqsədlər üçün istifadə olunur?

- Araşdırmalarımız nəticəsində mənşəyi məlum olmayan ətlərin əksəriyyətinin rayonlardan gətirildiyi meydana çıxıb. Dəfələrlə onların içərisində at ətinin olduğu müşahidə olunub. Bu ətlərin əksəriyyəti kolbasa, sosiska sexlərinə vermək üçün gətilir. Bu heyvanlar gizli yollarla haradasa kəsilir, qanuni kəsim sexlərində tədarük olunmur. Qeyd etdiyim ətlərin mağazalarda satılma ehtimalı yoxdur. Çünki qanuni şəkildə fəaliyyət göstərən mağaza və marketlərə Baytarlıq Xidməti tərəfindən nəzarət olunur. Paytaxta gətirilən mənşəyi məlum olmayan ətlərin əksəriyyəti gecə vaxtı gətilir. Bunu şəbəkə şəklində icra edirlər. Belə qanunzsuz əməllərlə məşğul olan şəbəkənin fəaliyyətinin qarşısının alınması üçün əldə etdiyimiz materialları hüquq mühafizə orqanlrına göndəririk ki, bu adamlar barəsində ciddi ölçü götürülsün. 

- Belə bir şəbəkə bu zamana qədər müəyyənləşibmi?

-Hazırda hüquq mühafizə orqanları bu istiqamətdə tədbirlər görür. Tərəfimizdən də lazımı bütün işlər icra olunur ki, belə qanunsuz işlərlə məşğul olanlar öz cəzalarını alsınlar. 

-Baytarlıq Xidməti kolbasa sexlərində yoxlama və ya nəzarət apara bilərmi?

-Baytarlıq xidməti yoxlama yox, nəzarət həyata keçirə bilər. Yarasız ətlər qanuni fəaliyyət göstərən kolbasa sexlərinə verilmir. Gizli fəaliyyət göstərən kolbasa sexləri də var. Son dövrlər biz bir neçə  kolbasa sexində faktlar aşkar etdik. Bu yaxınlarda Abşeronda Mazasır qəsəbəsində, keçən il "Zirvə" kolbasa sexində nəzarət tədbirləri həyata keçirildi. Nəticəsi barədə ictimayyət məlumatlandırıldı. Sexlərdə istifadə olunan ət məhsulllarından nümunələr götürülür. Respublika laboratoriyasında yoxlanılır. Bundan sonra əgər həmin nümunələrdə bakterioloji çirklənmə qeydə alınarsa, bokimyəvi göstəricilər qida üçün yararsız olarsa, tərəfimizdən məhv edilir. Bu müəssisələrdə emal olunan ət məhsullarından da nümunələr götürülüb Respublika laboratoriyasında analiz olunacaq. Əgər keyfiyyətsiz olarsa, müvafiq tədbirlər görüləcək. 

- Məlum məsələdir ki, hələ də gizli şəkildə fəaliyyət göstərən kolbasa sexləri var. Siz, yalnız "Zirvə"nin adını çəkdiniz...
 
- Bizim müəyyən etdiyimizin adını qeyd etdim. Baytarlıq xidmətinin saytında da bu barədə məlumat yerləşdirilib. Yadıma düşənləri dedim, ancaq bu adlar mətbuatda qeyd olunub hamısı.

-Bəs, bazarlarda vəziyyət necədir?
 
- Bazara gələn məhsullara nəzarət olunur. Bazarlarda qida üçün yarasız, leş ətlərin satışı mümkün deyil. Bunlara ciddi şəkildə nəzarət olunur. 

- Ən çox hansı rayonlardan yararsız ətlər gətilir?

- Ən çox Bərdə, Ağcabədi raonlarından qida üçün yarasız at və digər heyvan məhsulları gərilir. 

- Bazarlarda, ümumiyətlə, belə hallara rast gəlinirmi?

-Yaxın dövrlərdə bazarlarda belə ətlər aşkar olunmayıb. Ən çox emal müəssisələrində belə vəziyyət var.

-Yaxın günlərdə saytlardan biri material hazırlamışdı. Videosujetdə Bakıda bazarların birində kilosu 1.5- 2 manata ət satanlar ifşa olunurdu. 8-ci kilometr bazarında qeydə alınmış videomaterial idi. Həmin şəxsin dedikləri açıq şəkildə materialda əks olunurdu. Bununla bağlı rəhbərlik etdiyiniz qurum tərəfindən hər hansısa tədbir görüldümü?
 
- Biz bu məsələni mütləq araşdıracağıq. Həmin ərazilər nəzarətdə saxlanılacaq. Bu elə bir şəbəkədir ki, nə qədər qarşısını alırsan, yenə də çıxır ortaya. 

- Baytarlar bəzən müəyyən tələb qarşılığnda güzəştə gedirlər. Bu barədə məlumatlısınızmı?

- Baytar həkimlər qanuni şəkildə yalnız dövlətin rüsumunu ala bilərlər. İndiki vəziyyətdə belə hallar yoxdur. 

- Əvvələr belə hallar olubmu?

- Əvvələr deyə bilmərəm. Bilmədiyim, görmədiyim faktı deyə bilmərəm. Hazırda belə bir fakt yoxdur. Haradasa belə bir fakt varsa, qarşınıza çıxarsa, sizin iştirakınızla onu araşdırmağa hazıram. Həmin şəxs barəsində də ciddi tədbir görüləcək. Ölkə başçısı bu sahəyə xüsusi diqqət ayırır. Nazirin də bununla bağlı xüsusi göstərişləri var. 

- Leş ətlər gətirənlər həbs olunur, yoxsa necə?

-Bizim onları həbs etmək səlahiyyətmiz yoxdur. Biz əldə etdiyimiz bütün materialları hüquq-mühafizə orqanlarına təqdim edirik. Onlar barəsində inzibati və digər tədbirlərin görülməsi həmin orqanların səlahiyyətindədir. 

- Heyvanlar arasında ən çox hansı xəstəliklər üstünlük təşkil edir?

- 2015-ci ildə görülmüş tədbirlər nəticəsində respublikada epizodik vəziyyət sabit olub. Qonşu ölkələrdəki vəziyyəti görürsünüz. İranda, qardaş Türkiyədə, Gürcüstandalə xəstəliklər barədə xəbərləri yəqin ki, mətbuatdan izləyirsiniz. Bizdə görülmüş tədbirlər nəticəsində vəziyyət sabitdir. Əsas iri və xırda buynuzlu heyvanlarda "Qara yara", "Dabağ"a qarşı peyvəndləmə işi aparılır. Ev itlərində quduzluğa qarşı peyvəndlər edilir. Bizim səlahiyyətlərimiz daxilində tədbirlər görülür.  Ev quşları arasında "Nyükasl" xəstəliyinə görə peyvənd tədbirləri hazırda da davam etdirilir. 

- Baytarlıq dərmanların gətirilməsi hansı mexanizmlərlə həyata keçirilir?

- Bu Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. İstehsal olunduuğu yerdə qeydiyyatdan keçir, sertifikatlaşdırılır. Həmin sertifikat və digər sənədlər Gömrük Komitəsinə və Baytarlıq Xidmətinə təqdim olunur. Bundan sonra ölkəyə gətilir. İqtisadiyyat Nazirliyi tərəfindən onların satışına lisenziya verilir. 

-Baytarlıq Xidməti baytarlıq apteklərinə nəzarət edirmi?

- Gətirilən bütün baytarlıq dərmanları Elmi Tədqiqat İnstitutunda qeydiyyatdan keçirilir. Keyfiyyətləri barədə müvafiq analizlər aparılır. 

- Regionlarda elə baytarlıq aptekləri var ki, kiçik köşklərdir və dərman peraparatlarını saxlamaq üçün müvafiq avadanlıqları yoxdur.
 
- Siz ola bilsin ki, çoxdan belə bir vəziyyəti görmüsünüz. İndi belə köşklər yoxdur.

-Baytarlıq Xidmətinin nəzarətində olan apteklər varmı?

- Xeyr. Hamısı özəldir. 

- Hindistandan Azərbaycana ət gətirilirmi?

-2016-ci ildə Hindistandan ət gətirilməyib. Ancaq bu o demək deyil ki, burada nəsə problem var. Bu ətlərdə heç bir problem yoxdur. Ancaq hələlik gətirilməyib. Hindistandan gətirilən ətlərdə elə bir problem yoxdur. Sertfikatı olduğu təqdirdə burada narahatçılq yaradacaq hər hansı bir amil mövcud deyil. Hindistandan gətirilən ətlər küçədə bazarlardan alınmır. Hamısı qeydiyyatdan keçən, akreditasiya olunmuş firmalardan alınan mallarıdır. 

-İdxalına qadağa qoyulan məhsullar varmı?

-Bu bizim səlahiyyətimizdə deyil. GMO məhsulları dövlət tərəfindən qanunla qadağan olunub. Respublikaya belə məhsullar gətirilmir. Hər bir məhsulda müəyyən normalar var. Tərkiblərində olan qalıq maddələr normadan artıq olarsa istifadəsi qadağan olunur. 
 
-Belə hallar varmı?
 
-Müşahidə olunduğu halda belə məhsullar zərərsizləşdirilir. Ötən il belə "məhsullara" rast gəlinib. 
 
-Rəhbərlik etdiyiniz qurumda nə qədər əməkdaş çalışır?
 
-Ümumi respublika üzrə 3000 mindən çox əməkdaşımız var. 
 
-Kadr çatışmamazlığı var?
 
-Bəli, var. Bəzi regionlarda ali təhsilli baytar kadırlara ehtiyacımız var. Ali təhsilli baytar kadırlarımız çatışmır. Artıq Aqrar Universitetində bu problemlərin qarşısı alınması üçün tələbələr yetişdirilir. 
 
-Əmək haqları nə qədərdir?
 
-Əmək haqları normaldır. Dövlətimiz sağ olsun nə verirsə onunla da kifayətlənirik. Hər bir əməkdaşımız dərəcəsi və stajına uyğun əmək haqqı alır. Maaşlarımızda heç bir problem yoxdur və vaxtında da alırıq. 
 
-Siz rəhbər əvəzi gəldikdən sonra bəzi baytar əməkdaşları sizdən narazı qaldı. Bunun üçün mətbuat konfransı da keçirtdilər. Bildirdilər ki, siz qeyri-qanuni olaraq onları işdən azad etmisiniz. Bu barədə nə deyə bilərsiniz?
 
-Mən o adamlara heç bir şərh vermək istəmirəm. Onların dedikləri hammısı yalandır. İddiada da öz əksini tapmadı. Bir sözlə mən bu barədə məsələyə yenidən qayıtmaq istəmirəm. Belə hallar təbiidir. İşdən çıxan adam hər zaman əlində bir bəhanə olur. Gördüyünüz kimi, onların iddialarında heç bir əsası yox idi. 
 
-O adamlardan işə qayıdan oldu?
 
-Sözü gedən əməkdaşlarımıza iş də təklif olunub. Bu məsələyə yenidən qayıtmaq istəmirəm. Mən başa düşmürəm ki, siz bunu niyə təzələyirsiniz? Sadəcə olaraq o adamlara iş təklif olundu və sözü gedən yerdə işləmək istəmədikləri üçün işdən getdilər. Ayrı onlarla heç bir problemimiz yoxdur. 
 
-Sizin baytarlıq aptekləriniz varmı?
 
-Əgər harda varsa mən onu bağışlayıram həmin adamlara və sizə...
 
Amid Əyyuboğlu