Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynov barəsində hökmdən prokuror tərəfindən verilən protest və zərərçəkmişin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Prokurorun apelyasiya protesti və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirismayıl Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti və zərərçəkmiş isə apelyasiya şikayəti verib. Onlar təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Prokuror Mirismayıl Hüseynovun cəzasının 10 ilə qədər artırılmasını tələb edirdi.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonda 21 yaşlı Ələkbər Muxtarovla yazışdığın görüb. O, Feysbukda başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ələkbər Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb.

Bundan sonra Mirismayıl Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbəri yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı mübahisə düşüb və Mirismayıl Ələkbəri bıçaqlayaraq öldürüb.

Mirismayıl Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

Məlum olub ki, qətli törədən Mirismayıl Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Mirismayıl Hüseynov ilkin ifadəsində cinayəti qisqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışıb, görüşə dəvət etdiyi üçün cinayətə əl atıb.