Azərbaycanın tanınmış idmançısı, bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı, üçqat Heydər Əliyev Kubokunun qalibi Camal Rəhimovun millimizi tərk etdiyi, idmanı buraxdığı iddia edilirdi.
Hazırda Fransada yaşayan tanınmış çapar Azərbaycan adına çıxış etməkdən qürur duyduğunu, karyerası boyunca hər zaman ölkəsini layiqincə təmsil edəcəyini bildirib.
Rəhimov unikal.org-a danışarkən bildirib ki, qazandığı uğurların çoxunu öz imkanları daxilində edib:
"Karyeram boyu Azərbaycanı təmsil etmişəm və bunu da davam etdirəcəm. Bizim milli komandamızda ölkələrarası yarışlarda iştirak etmək üçün idmançı yoxdur. Buna görə də millətlər kubokunda tək başına çıxış edirəm. Yarışlarda Azərbaycan adına Camal Rəhimovun çıxış etdiyi qeyd edilir. Azərbaycanda yarışlar da keçrilimir ki, mən gəlib iştirak edim. Hazırda Avropadayam və həyatımı burada davam etdirirəm.
Onu da deyim ki, atçılıq sahəsində yalnız Seyid Musayev adlı idmançı qalıb. Bu günə qədər nə etmişəmsə, ölkəm üçün etmişəm, çoxunu da öz imkanlarım daxilində.
İki dəfə olimpiadaya özüm lisenziya qazanıb getmişəm. Bundan əlavə, heç kimin sınamadığı çempionatlarda çıxış etmişəm. Dünya və Avropa çempionatları, dünya kuboku finalında gedib çıxış etmişəm. Amma heç vaxt eşitməmişəm ki, bizim federasiya başqa bir idmançını bu səviyəyyə gətirib çıxara bilsin.
Həmişə cənab prezidentimin mənə inamı olub. Əvvəllər Gənclər və İdman Nazirliyi, Azərbaycan Atçılıq Federasiyası əlindən gəldikcə kömək edirdi. Amma idman karyeramda qazandıqlarımın çoxunu öz imkanlarımla əldə etmişəm".
Camal Rəhimov həmçinin bildirib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıçılıq Federasiyasından heç bir maddi dəstək və maaş almır:
"Federasiya tərəfindən mənə nə maaş, nə də mükafat verilib. Gənclər və İdman Nazirliyi vaxtı ilə köməklik edirdi. Hər iki olimpiada (2008 və 2012) qabağı mənə Azad müəllimin köməkliyi dəydi. Amma o vaxt qarşımızda yalnız olimpiya oyunlarına getmək kimi məqsədimiz vardı. İndi isə yoxdur. Bəlkə Tokio olimpiadasına qatıldım. Hazırda bütün yarışlara şəxsi atımla çıxıram. Bakıda iştirak etdiyim yarışlarda da öz atlarımdan istifadə etmişəm".
Aygün İlqarqızı