Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Lənkəran şəhərində autizm sindromlu uşaqların müayinə və müalicəsi, həmçinin valideynlərin maarifləndirilməsi üzrə treninqlər keçirilib.
Autizm sindromlu uşaqların müayinə və müalicəsinə dəstəyin göstərilməsi ilə bağlı qeyd olunan treninq RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən reallaşdırılıb. Layihə 30-dan çox uşağı əhatə edib.
Əsas məqsəd autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına yardım etmək, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək olmaq, insanların diqqətini bu sosial məsələyə yönəltməkdir.
Lənkəranda təşkil olunan treninq zamanı autizm sindromlu uşaqların valideynlərini narahat edən bir sıra problemlər, regionda bərpa mərkəzlərinin yaradılması ilə bağlı təkliflər dinlənilib.
Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyinin təşəbbüsü ilə autizm sindromlu uşaqların müayinə və müalicəsi üçün cənub regionu üzrə yerli mütəxəssislərin hazırlanmasına başlanılıb.