Rusiyanın Ermənistanda səfərdə olan xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.
Lavrov deyib ki, Rusiya və Ermənistan Minsk qrupuna alternativin yaradılmasının əleyhinədir.
"Biz paralel kanallar axtarışı cəhdlərini, tərəflərin etibarını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, əsas məsələdən - təhlükəsizliyin təminatı, yeni qurbanların olmasına imkan verməmək və siyasi prosesin bərpası şərtlərini yaratmaq fikrindən yayındıracaq", - deyə Sarkisyanla görüşdə Lavrov bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflər özləri gəlməlidirlər. Rusiya və Minsk qrupunun digər həmsədrləri isə onlara kömək etməlidir.