"Bizə qələbə lazım idi. Buna görə sevinirik. Birinci hissəyə nisbətən fasilədən sonra müdafiə futbolu oynadıq. Ona görə də komanda çox yoruldu. Müdafiədə oturmaq fikrimiz yoxdur. Biz heç vaxt belə futbol oynamamışıq. İkinci hissədə "Sumqayıt" bizi məcbur elədi ki, müdafiədə oturaq".
Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 8-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında söyləyib.
29 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə əvəzlənməsinə münasibət bildirib: "Qriqorçukun qərarlarına hörmət edirəm. Aramızda heç bir problem yoxdur. Öz oyunumdan razı deyiləm. Ona görə də təndiq olunuram. Oyunumda bir az eniş var. Çalışıram onu məşqlərdə bərpa edim. "Kəpəz"lə matçdan sonra klub daxilində toplantı oldu. Bu məğlubiyyət sarsıdıcı oldu. "Sumqayıt" səfərində qələbə bizə çox vacib idi. Düşünürəm bu qələbənin ardı da gələcək. Biz "Kəpəz"lə qarşılaşmada qalib gəlsəydik, heç kim indidən "Qarabağ"ı çempion kimi görməzdi. Çempionatın bitməsinə hələ çox var. "Qarabağ" da xallar itirəcək".
C.Hüseynov baş məşqçi Robert Prosineçkinin millidən getmə variantı barədə də danışıb: "Prosineçki tək mənim yox, bütün komanda üçün yaxşı baş məşqçidir. Qalmasını istəyirəm. Həm insan kimi, həm də baş məşqçi kimi müsbət keyfiyyətlərə malikdir. Milli komandadan gedəcəksə, ona uğurlar arzulayıram".